Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada elektron poçt ilə pul göndərmək imkanı təqdim edilib


"Runet" istifadəçiləri ilk dəfə elektron poçt vasitəsilə pul göndərmək imkanı əldə ediblər.
"ICTnews" xəbər xidmətinin "www.top.rbc.ru" saytına istinadən verdiyi məlumata əsasən, artıq onlar tələb olunan məbləği adi fayl kimi məktuba əlavə edərək göndərə bilərlər. 

Bunun üçün "Yandex.Poçt"da hesab açmaq, "Denqi" düyməsini basmaq, tələb olunan məbləği və "Yandex.Pul" cüzdanının ödəniş parolunu və ya SMS-dən birdəfəlik parolu daxil etmək və məktubu göndərmək kifayətdir.
Məktub ünvanına çatdıqda bütün məbləğ elektron pul cüzdanına köçürülür və ya onun bank kartına göndərilir. Birinci halda pullar anında hesaba köçürülür, ikinci halda isə - bir neçə iş günü ərzində (dəqiq müddət kartı buraxan bankdan asılıdır). Pulu almaq üçün "Yandex"də poçtun olması heç də mütləq deyil,- bunu poçt qutusu hansı domendə olmasından asılı olmayaraq istənilən insan edə bilər.
 
"Hər ay bizim istifadəçilər bir-birinə yarım milyon dəfə pul göndərirlər. "Pul məktubları" əmələ gələndən sonra bu proses daha rahat olub: elektron poçt ünvanını yadda saxlamaq, bank hesabı və ya kart nömrəsini yadda saxlamaqdan daha rahatdır", - deyə "Yandex.Pul"un məhsullar üzrə direktoru Alla Savçenko bildirib.
 
Öz növbəsində "Yandex.Poçt" servisinin rəhbəri Yeqor Qanin bildirib ki, "pullu məktublar" qısa müddət ərzində maksimum məsələ həll etməyə imkan verəcək. "Onlar sözdən işə keçməyə imkan verirlər. Misal üçün, dostlar poçtda kiminsə ad gününü müzakirə edirlər, sonra isə hər biri hədiyyə alacaq insanın ünvanına "pul məktubu" göndərir. Pulu necə o insana çatdırmaq məsələsi özü-özünə həll olunur", - deyə Y. Qanin anladıb.
 
Xatırladaq ki, 2012-ci ilin dekabrında Rusiyanın "Sberbank"ı "Yandex" şirkəti ilə "Yandex.Pul" layihəsinin alınması ilə bağlı saziş imzalayıb və onun 75% payını 60 milyon dollara alıb. "Yandex" ödəniş sistemində blokedici payı əlində saxlayıb.

Aynur Vəliyeva


 




22/11/13    Çap et