Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” brauzerinin gələcəyi təhlükə altındadır?!


"Firefox" brauzerinin buraxılması və hazırlanmasını əlaqələndirən "Mozilla Foundation" qeyri-kommersiya təşkilatı 2012-ci il üzrə maliyyə hesabatını dərc edib. Hesabata əsasən, brauzer tərtibatçısının "Google"dan asılılığı getdikcə artır.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Mozilla"nın internet nəhəngi ilə əvvəlki müqaviləsi 2011-ci ilin noyabrında  bitib, daha sonra 2014-cü ilin noyabrına qədər uzadılıb. Lakin bu müddət bitdikdən sonra "Mozilla Foundation" tərəfdarları "Google"un əməkdaşlıqdan imtina edəcəyindən narahatdırlar ki, bu da  "Firefox" tərtibatçısının maliyyə durumunu əhəmiyyətli dərəcədə sarsıda bilər.
Müqaviləyə əsasən, "Firefox" brauzerində "Google" susmaya görə axtarış sistemi, "Google.com" isə əsas səhifədir. "Mozilla" bu əməkdaşlıqdan 2011-ci ildə 139 milyon dollar, bir il sonra isə 280 milyon dollar qazanıb.

"Mozilla" başqa axtarış sistemləri, həmçinin "Microsoft Bing"lə də saziş bağlayıb, lakin görünür ki, brauzerin istifadəçiləri "Google"dan istifadəyə üstünlük verir.

"Mozilla Foundation" və onun törəmə strukturlarının ötənilki gəliri 311 milyon dollar olub ki, bu da bir il əvvəllə müqayisədə 90,2% çoxdur. Bu halda xərclərin həcmi 43,4% artaraq 208 milyon dollar olub. Bu məbləğin təxminən 71%-i  proqram təminatının hazırlanmasına sərf olunub. 2011-ci illə müqayisədə bu sahə üzrə xərclər 45% artıb.

"Net Applications" şirkətinin 2013-cü ilin sentyabr ayına olan  məlumatına görə, qlobal brauzer bazarında "Firefox"un payı 18,58% təşkil edib ki, bu da ötən ayla müqayisədə 0,22% aşağıdır. Birinci yerdə "Internet Explorer" (57,79%), üçüncüdə isə "Chrome" (15,98%) qərarlaşıb.

Emil Hüseynov




22/11/13    Çap et