Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzDataCom” şəbəkəsinin regionlar üzrə tarifləri endirilib


“Elektron hökumət” proqramı çərçivəsində yaradılan və respublikanın bütün ərazisini əhatə edən məlumatların ötürülməsi şəbəkəsi – “AzDataCom”un regionlar üzrə tarifləri endirilib. Belə ki, tariflər fevral ayının 1-dən 5 MB üçün 30 manat, 6 MB üçün 40 manat, 8 MB üçün 60 manat, 10 MB üçün isə 80manat müəyyənləşdirilib.
 
 
Qeyd edək ki, “AzDataCom” şəbəkəsinin yaradılması layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən “Milli E-İdarəçilik Təşəbbüsü” layihəsinin əsas komponentidir. “AzDataCom” layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.
 
Layihənin məqsədi milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması, dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi, informasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəçiliyin inkişaf etdirilməsi, ölkədə rəqəmli geriliyin aradan qaldırılması, “E-hökumət” xidmətlərindən istifadə imkanlarının təmin edilməsidir.
 
 
Hal-hazırda uğurla idarə olunan “AzDataCom” şəbəkəsi üzərindən fiziki və hüquqi şəxslərə internet və data xidmətləri göstərilir. Müəssisənin əsas iş prinsipi xidmətlərin yeni texnologiyalar bazasında inkişafı, təkmilləşməsi və bunun müqabilində müştərilərə ucuz qiymətlərlə keyfiyyətli xidmətlərin göstərilməsidir.
 
Həqiqət İSABALAYEVA




04/02/14    Çap et