Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə “Temenos T-24” Baş Mühasibat Sisteminin yeni versiyasına keçid reallaşıb


Azərbaycan Mərkəzi Bankı 6 aylıq uğurlu implementasiyadan sonra ölkədə ilk dəfə “Temenos T-24” Baş Mühasibat Sisteminin (BMS) yeni versiyasını real istismara verib.
 
“Temenos” BMS-in yeni versiyasının implementasiyası zamanı qiymətli kağızlar, kreditlər, valyuta, pul bazarı, “ARC teller”, vəsaitlərin transferi, açıq maliyyə xidmətləri və hesabatlıq modulları yenilənib.
 
Bankdan bildirilib ki, “Temenos” BMS-in yeni versiyası maliyyə əməliyyatlarının emal sürətini əhəmiyyətli dərəcədə artırmağa, daha təhlükəsiz interfeys kanalları yaratmağa, dəstəklənmə xərclərini azaltmağa, həmçinin informasiya sisteminin etibarlı və davamlı istismarına imkan verəcək. Burada yaradılmış yeni imkanlar yüksək əhatəliliyin təmin olunması, sistem məhsuldarlığının optimallaşdırılması, biznes proseslərinin tam avtomatlaşdırılması və informasiya sistemlərinin dəstəklənmə xərclərinin minimuma endirilməsi ilə bağlı Mərkəzi Bankın gözləntilərini həyata keçirməyə və bu əsasda strateji məqsədlərə nail olmağa yardım edəcək.
 
 
Qeyd edək ki, Mərkəzi Bankda “Temenos” BMS 2010-cu ildən etibarən uçot, əməliyyat və idarəetmə sahələrinin avtomatlaşdırılması istiqamətində istismar edilməkdədir. Hazırda “Temenos” BMS-ə Mərkəzi Bankın regional mərkəzləri və səkkiz dövlət orqanı onlayn rejimində inteqrasiya olunub.
 


Həqiqət İSABALAYEVA




22/02/14    Çap et