Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə tədqiqat mövzuları müasir elmi və texnoloji tələblərə uyğunlaşdırılır


“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı AMEA-nın elmi tədqiqat müəssisələrində bir sıra işlər həyata keçirilir, o cümlədən elmi tədqiqatların prioritet istiqamətləri müəyyənləşdirilir, tədqiqat mövzuları müasir elmi, texnoloji, iqtisadi, sosial və digər tələblərə uyğunlaşdırılır və zəruri innovasiya planları hazırlanır.
 
Bu fikri AMEA prezidenti, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) sədri, akademik Akif Əlizadə RETTƏŞ-in müşavirəsində bildirib. Son illər ölkəmizdə bir sıra uğurlu islahatların həyata keçirildiyini qeyd edən akademikin sözlərinə görə, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı Azərbaycan elmi, alimləri qarşısında yeni vəzifələr qoyub.
 
Respublikada elmi-təşkilati fəaliyyətin əlaqələndirilməsi, elmin inkişafının təşkili və təmin edilməsi ilə bağlı işləri həyata keçirən Əlaqələndirmə Şurası və elmin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən problem şuraları bu vəzifələrin yerinə yetirilməsində aparıcı rol oynamalı, elmi potensialı səfərbər etməlidirlər.
 
Eyni zamanda problem şuralarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğunu bildirən akademik bu şuraların elmi prioritet istiqamətlərinə uyğunlaşdırılmasının məqsədə uyğunluğunu bildirib.
 
İclasda respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələri ilə AMEA-nın elmi müəssisələrinin birgə fəaliyyətinin daha da gücləndirilməsi, problem şuralarının bəzilərinin ixtisar olunması, onların birləşdirilərək yeni tərkibinin təsdiqi məsələləri müzakirə olunub.
 
Müşavirədə respublikanın elmi-texniki, iqtisadi, sosial inkişafına yönələn perspektiv istiqamətlər üzrə elm və ali təhsil müəssisələrində tədqiqat işlərinin aparılması, təqdim olunan dissertasiya mövzularının ciddi müzakirəsi, elmin prioritet istiqamətlərinə uyğun olmayan mövzuların kənarlaşdırılması, problem şuralarının fəaliyyətinin koordinasiya olunması və hüquqlarının artırılması, RETTƏŞ-in bölmələrlə birgə fəaliyyət göstərməsi və RETTƏŞ-in əsasnaməsinin yenidən işlənilməsi təklifləri irəli sürülüb.
 
AMEA-dan bildirilib ki, müşavirənin yekununda İşçi Qrupun yaradılması haqqında qərar qəbul edilib.
 
Həqiqət İSABALAYEVA




02/04/14    Çap et