Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın rabitə operatorları və mobil qurğu istehsalçıları oğurlanmış telefonları bloklamaq barədə razılıq əldə ediblər


ABŞ-ın mobil rabitə operatorları və aparıcı smartfon istehsalçıları istifadəçilərin fərdi məlumatlarını mühafizə etmək və mobil qurğuların oğurlanmasının qarşısını almaq məqsədilə oğurlanmış aparatları məsafədən bloklamaq barədə razılığa gəliblər. Bu barədə iri telekommunikasiya şirkətlərini və mobil qurğu istehsalçılarını birləşdirən ABŞ Mobil Rabitə Sənayesi Assosiasiyası (Cellular Telecommunications Industry Association, CTIA) bəyan edib.

“CTIA”-nın məlumatına görə, 2015-ci ilin iyulundan etibarən ABŞ ərazisində satış üçün nəzərdə tutulan bütün smartfonlar əvvəlcədən quraşdırılmış xüsusi proqram təminatı və ya bu proqramı sonradan yükləmə imkanı ilə buraxılacaq. Qurğu oğurlandıqda və ya itirildikdə, istifadəçi rabitə operatoruna müraciət edə biləcək. Müraciət əsasında operator məsafədən telefondakı bütün fərdi məlumatları silərək onun işini blok edir.

Telefon oğurluğu ilə mübarizə proqramında mobil rabitə bazarında payları ümumilikdə 90 faiz təşkil edən ABŞ-ın aparıcı rabitə operatorları iştirak edir. Onların sırasında nəhəng “Verizon”, “AT&T”, eləcə də “Sprint” və “T-Mobile” operatorları yer alıb. Təşəbbüsdə iştiraka razılıq verən istehsalçılar arasında “Apple”, “Samsung”, “Google” və “HTC” şirkətlərini qeyd etmək olar.  


ABŞ hakimiyyət nümayəndələri qeyd edirlər ki, mobil qurğuların oğurlanmasının sayının artması nağd pulların oğurlanması hallarını üstələyir. 2012-ci ildə 1,6 milyon amerikalı mobil telefon oğrularının qurbanı olub. Statistikaya görə, Nyu-York və ABŞ-ın digər böyük şəhərlərində smartfon oğurluğunun bütün oğurluq hallarında payı 40 faiz təşkil edir, - “İTAR-TASS www.itar-tass.com” yazır.      
 




16/04/14    Çap et