Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” bu ilin sonunadək kart emissiyasını artıracaq


Azərbaycanın milli poçt operatoru “Azərpoçt” göstərdiyi bank xidmətlərinin çeşidini və sayını artırmaqda davam edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədovun   “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda poçt operatoru tərəfindən 15 min debit kartı emissiya edilib.
“Bu ilin sonuna kimi kartların sayının 20 minədək artırılması nəzərdə tutulub.

Eyni zamanda bankomatların sayının da artırılması  planlaşdırılır. Belə ki, bu il ərzində daha 5 bankomatın quraşdırılması nəzərdə tutulub və bununla da “Azərpoçt”un bankomatlarının sayı 20-dək artacaq”,- deyə o bildirib.
 
Qeyd edək ki, son bir il ərzində “Azərpoçt”un kartlarının sayı 40% artıb.   
 
“Azərpoçt” MMC müştərilərinin beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə “Visa İnternational” beynəlxalq ödəniş sistemilə əməkdaşlıq çərçivəsində bütün “Visa” loqolu kartların terminallarda ekvayrinqinə (qəbuluna) şərait yaradılıb.
 
Müştərilərə isə “MasterCard” loqolu “Maestro”, “MC Standard”, “MC Gold”, “MC Platinium” plastik kartları təqdim edilir.


Aynur Vəliyeva




18/04/14    Çap et