Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran “WhatsApp” messencerinə çıxışı bağlayıb


İran smartfonlar üçün "WhatsApp" qısa məlumatlar mübadiləsi xidmətinə çıxışa qadağa qoyub. Bu barədə "İSNA" agentliyi xəbər verib.  

İran Baş Prokurorluğu yanında Cinayət tərkibi hallarının müəyyən edilməsi üzrə komitənin katibi Əbdüssəməd Xörrəmabadi bildirib ki, bu barədə qərar ötən ilin sonunda qəbul edilib (İranda il martın 21-də dəyişir).

Onun sözlərinə görə, buna baxmayaraq, İranın İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi bu qərarı yerinə yetirməyib və komitə bununla bağlı nazirliyə növbəti dəfə xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Ə.Xörrəmabadi "WhatsApp"a çıxışa qadağa qoyulmasının səbəblərini açıqlamayaraq komitənin smartfonlar üçün "Viber" və "Instagram" kimi digər şəbəkə əlavələrinin filtrdən keçirilməsi ilə bağlı qərar qəbul etmədiyini əlavə edib.

Hazırda İranda "Twitter" və "Facebook" sosial şəbəkələrindən istifadə qadağan olunsa da, istifadəçilər onlara proksi serverləri vasitəsilə çıxış əldə edirlər.
 
 




30/04/14    Çap et