Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir İsrail Dövlətinin müstəqilliyinin 66-cı ildönümü münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edib


İsrail Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 66-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə  Azərbaycanın və İsrailin dövlət himnləri səslənib.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Diplomat dost ölkələr olan İsrail və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.

Səfir İsrail ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O Azərbaycanda yaşayan bütün xalqlar, eləcə də yəhudilər üçün yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov əlamətdar gün münasibətilə İsrail xalqını təbrik edib.  O bildirib ki, son vaxtlar Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Nazir gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayaraq Azərbaycan–İsrail Sənaye Ticarət Palatasının yaradılmasını bunun bariz nümunəsi kimi qiymətləndirib.

Ə.Abbasov əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcəkdir. Nazir, həmçinin Azərbaycanın yəhudi icmasının dövlətimizin inkişafına töhfələr verdiyini qeyd edib.

Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 




06/05/14    Çap et