Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib


Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransda “İnternet medianın inkişaf tendensiyası və perspektivlər” və “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları”  mövzularında çıxışlar dinlənilib və müzakirələr aparılıb.
 
 
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması və paralel şəkildə dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması proseslərinə başlanılıb:
 
“Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri və onu həyata keçirəcək vasitələr müəyyən edildi. Sonrakı mərhələdə demokratik cəmiyyət quruculuğuna uyğun azad informasiya fəaliyyətinin hüquqi normativ bazası yaradıldı, söz və məlumat azadlığı təmin edildi, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətə davamlılığının artırılmasına hərtərəfli dəstək verildi. Nəticədə qısa zamanda respublikada azad informasiya mühiti formalaşdı. Müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdi. Hazırda bu inkişaf prosesi həm də qlobal şəbəkənin Azərbaycan seqmentini əhatə edir.
Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı, azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkə olduğunu vurğulayan V.Əliyev hazırda ölkə əhalisinin 70 faizinin internetə çıxış əldə etdiyini diqqətə çatdırıb.
 
 
O qeyd edib ki, bu gün yüzlərlə sayt və portal fəaliyyət göstərir: “Sosial şəbəkələrdən istifadə edənlərin ümumi sayı 2 milyona çatıb. Təkcə “Facebook”dan 1 milyon 200 min insan yararlanır. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmilləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın imkanlarını genişləndirib və onun hərtərəfli inkişafına xidmət edib”.
 
 
Bu gün internet mediasının istər informasiyanın əldə edilməsi, istərsə də cəmiyyətə çatdırılmasında ənənəvi media ilə çox ciddi rəqabət apardığını və bəzi parametrlərə görə hətta ənənəvi medianı üstələdiyini önə çəkən PA rəsmisi əlavə edib ki, artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediasında cəmləşib. Bu reallıq da yeni medianın həm cəmiyyətin informasiya təminatı, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu və çəkisini açıq nümayiş etdirir. 
 
 
 Daha sonra sosial şəbəkə mövzusundan söz açan V.Əliyev deyib ki, sözügedən şəbəkələr hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab vermədiyi bir məkandır:
 
 “Bununla biz hamımız razılaşmalıyıq, çünki “Facebook”da gündəlik həyatımızda peşəkar mediaya xas olmayan neqativ təzahürləri görürük. Bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Bu fəaliyyət müxtəlif akkauntların dublikatlarının yaradılması və orada təxribat xarakterli məlumatların yerləşdirilməsi kimi ən neqativ halları da əhatə edir. “Facebook”, “Twitter”, “YouTube” və digər sosial şəbəkələr konkret ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərdir və həmin ölkələrin qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar. Bu hal bir daha təsdiq edir ki, virtual məkanda sosial şəbəkələrin fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələrin qanunvericiliyi beynəlxalq qanunvericilikdən və milli qanunvericilikdən daha üstün mövqeyə sahib olub. Bu məntiqsizlik nə ilə və necə izah oluna bilər? Hesab edirəm ki, işğalçı Ermənistanla münaqişə vəziyyətində olan və mühüm və həssas geosiyasi və geostrateji məkanda yerləşən, müxtəlif xarici qüvvələrin daim təsir göstərməyə imkan axtardığı bir ölkənin vətəndaşları olaraq biz bu suala düzgün cavab tapmalıyıq. Azərbaycanın dövlətçiliyi, milli maraqları bütün məsələlərin fövqündə duran başlıca şərtdir”.
 
 
Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirib ki, Azərbaycan hökuməti ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsində, internet istifadəçilərinin sayının artmasında maraqlıdır. “Bu, özünü həyata keçirilən layihələrdə, verilən qərar və sərəncamlarda təcəssüm etdirir.
 
 
Hazırda bütün dünyada, eləcə də Azərbaycanda internet mediasının inkişafını şərtləndirən birinci amil  daha böyük auditoriyaya məlumatın ötürülməsidirsə, ikincisi isə biznes münasibətləridir. Çünki internet media həm də bir biznes layihəsidir”.
 
 O qeyd edib ki, bu sahə genişləndikcə yeni xidmətlər yaradılır: “İnternet media həm də ictimai rəyə təsir etmə baxımından maraqlıdır. Lakin bu gün internet media sahəsində bir sıra problemlər var. Burada həm texnoloji, həm də hüquqi məsələlər ortaya çıxır. Hazırda bu məsələlər dünya müstəvisində tez-tez müzakirəyə çıxarılır. Azərbaycana nəzər yetirdikdə isə görürük ki, ölkə əhalisinin yeni mediaya çıxış imkanları kifayət qədər genişdir. Xidmət keyfiyyətinin daha da artırılması istiqamətində bir çox layihələr həyata keçirilir”.
 
Azərbaycanda sosial şəbəkələrin azadlığından, onlara heç bir məhdudiyyətin qoyulmamasından söz açan İ.Əliyev qeyd edir ki, hər bir istifadəçi internetə daxil olaraq sərbəst formada öz fikrini ifadə edə bilir:
 
“Məlumdur ki, sutka 24 saatdan ibarətdir. Amma sosial şəbəkələrdə onun müddəti daha uzundur. Hesablamalara görə, artıq şəbəkə günü 36 saata çatır. Bir insan eyni zamanda internet vasitəsi ilə həm xəbərlərə baxır, həm əylənir, həm də özünün məişət məsələlərini həll edir. Artıq o qədər paralelləşmə gedib ki, günümüzün müddəti uzanıb. Əgər istifadəçilər bu imkanlardan düzgün yararlanarsa, bütün bunlar, əlbəttə ki, müsbət hallardır”.
 
 
Seymur Qasımbəyli




27/05/14    Çap et