Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçilərinin 36 faizi ingilis dilində danışır


İnternet istifadəçilərinin 36 faizi ingilis dilində danışır, veb-saytların əsas dilləri ingilis, rus, alman dilləridir. "Vikipediya"da olan məqalələrin əksəriyyəti isə ingilis, holland və alman dillərindədir.
 
Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi əməkdaşı Xalidə Həsənova İTİ-də keçirilən növbəti elmi seminarda bildirib. İnstitutdan verilən məlumata görə, tədbirdə İTİ-nin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev son dövrlərdə AMEA-da yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirildiyini və multidistiplinar yanaşmalara xeyli diqqət ayrıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, belə istiqamətlərdən biri də internet coğrafiya ilə əlaqədar olan problemlərin öyrənilməsidir: "Burada internetə, İKT-yə əhalinin ciddi ehtiyac duyduğu resurs və xidmət növü kimi baxılaraq onun coğrafi və regional xüsusiyyətləri öyrənilir".
 
 
Daha sonra "İnternet coğrafiyanın predmeti, mahiyyəti, problemi" adlı məruzə ilə çıxış edən X.Həsənova bu sahəyə dair əsas anlayışları qeyd edərək, internet istifadəçilərinin coğrafi regionlar üzrə paylanması haqqında məlumatları diqqətə çatdırıb. İnternetin paylanması nəzəriyyələri barədə danışan məruzəçi, uzun dalğalar və ya innovasiyalar nəzəriyyəsi, diffuziya və ya innovasiyaların diffuziya nəzəriyyəsi haqqında məlumat verib.
 
 
Bildirib ki, internet coğrafiyaya IP ünvanların coğrafiyası, sosial şəbəkələrin coğrafiyası, internet mühitdə linqvistik coğrafiya, virus istehsalçılarının coğrafiyası və s. aiddir. Linqvistik coğrafiyadan danışan X.Həsənova, həmçinin iqtisadi rayonlar üzrə göstəricilər, coğrafi informasiya sistemlərinin tətbiqi ilə regionlarda internetə çıxış imkanı ilə təminatın xəritələşdirilməsi nümunəsi və internet coğrafiya sahəsində fəaliyyət göstərən alimlər haqqında məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb.
 
 
Həqiqət İSABALAYEVA




30/05/14    Çap et