Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sazz İnternet” xeyriyyə aksiyasının keçirilməsinə dəstək oldu


“Sazz İnternet”in baş sponsorluğu ilə Bakıda növbəti xeyriyyə tədbiri keçirilib. “Dünya boyu içkilərlə” (“Drinks around the world”) adlanan tədbirin təşəbbüskarı Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları tərəfindən yaradılmış “HOMS (Heads of Mission Spouses)” xeyriyyə qurumudur. 

“Dünya boyu içkilərlə” adlanan bu ziyafətdə Bakıda fəaliyyət göstərən 25 ölkənin səfirləri öz ölkələrindən gətirilən milli mətbəx və içki nümunələrini, şirniyyat və desertləri qonaqlara təqdim ediblər.

Ziyafətə toplaşmış 300 nəfərdən çox qonağı salamlayan “AzQtel Sazz 4G İnternet”in prezidenti Ceyhun Mollazadə qeyd etdi ki, milli mətbəxi və mədəniyyəti nümayiş etdirməklə xoş bir axşam keçirtmək və nəticədə qayğıya ehtiyac duyan uşaqlara və insanlara yardım etmək maraqlı  aksiyadır. C.Mollazadə bildirdi ki, “Sazz İnternet” bir neçə əlil insana tamamilə pulsuz internet xidməti təqdim edir və gələcəkdə öz sosial layihələrini genişləndirmək niyyətindədir.   

Biletlərin satışından əldə olunan bütün vəsait “HOMS”-un himayə etdiyi 4 layihəyə xeyriyyə dəstəyi göstərmək üçün sərf olunacaq.

Layihələr Müşfiq Əlil Uşaqlar Mərkəzi, aztəminatlı ailələrə yardım mərkəzi olan “Xəzər Şəfqət” layihəsi, Autizm Mərkəzi və Qaçqın Qadınlar və Gənclər Evinə təhsil, tibbi və sosial yardım xarakteri daşıyır.
Tədbirin təşkilat komitəsinin rəhbəri Türkiyənin Azərbaycandakı səfirinin xanımı Liza Coşkun qeyd etdi ki, diplomatik missiyaların və sponsorların köməyi ilə Bakıda keçirilən bu unikal tədbir xeyriyyəçiliklə mədəniyyətlərin qovuşmasına imkan verir. Bununla da biz köməyə təxirəsalınmaz ehtiyacı olan insanlara, xüsusilə də uşaqlara kömək əlimizi uzatmış oluruq.    

“Sazz İnternet” iki ildir ki, Səfir Xanımlar Təşkilatının (HOMS) əsas tərəfdaşlarından biridir.




02/06/14    Çap et