Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika müəllimləri arasında “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə start verilir


İnformatika müəllimləri arasında “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə start verilir.

Bu barədə “İnformatika” dərsliyinin həmmüəlliflərindən biri, “http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, resurslar ümumtəhsil məktəbləri üçün I-XI siniflər üzrə “İnformatika” dərsliklərində olan mövzular əsasında hazırlanmalıdır. Videodərs və ya videodərslərin izahatı Azərbaycan dilində olmalıdır.
 
 Bütün videodərslər İnternetdə yerləşdirilib, ekspertlər tərəfindən qiymətləndiriləcək.
 
 
Hər il olduğu kimi, müsabiqənin nəticələri sentyabr ayının sonunda açıqlanacaq. Birinci, ikinci və üçüncü yerlərin qalibləri qiymətli hədiyyələrlə və diplomlarla təltif ediləcək. N.İsayeva qeyd edib ki, müəllimlər “İnformatik.az” saytında dərslərin nümunələri ilə tanış ola bilərlər.
 
Qeyd edək ki, Azərbaycan dilində videotədris resurslarının az olduğunu nəzərə alaraq, informatika dərsliklərinin müəllifləri (Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva) bu problemin həlli üçün müəllimlərə kömək məqsədilə “Ən yaxşı videotədris resursu” müsabiqəsinin keçirilməsi ideyasını irəli sürüblər. Artıq üçüncü ildir ki, müsabiqə keçirilir və  müsabiqədə respublikamızın müxtəlif regionlarında çalışan müəllimlər iştirak edirlər.
 
 
Həqiqət İSABALAYEVA




11/06/14    Çap et