Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetin istifadəçilərin həyatında rolu araşdırılıb


“ESET” beynəlxalq antivirus şirkəti internetin istifadəçilərin həyatında roluna həsr olunan sorğunun nəticələrini açıqlayıb.  

Sorğu iştirakçılarına “İnternet məni daha çox...” ifadəsini tamamlayaraq cavabın iki variantından birini seçmək təklif olunub.

İnternetin tarixdə ən böyük məlumat mənbəyi olması fikri ilə rəyi soruşulanların əksəriyyəti razılaşıb. Belə ki, respondentlərin 77 faizi internetin onları daha məlumatlı etdiyini etiraf edib. Lakin informasiya bolluğunun mənfi tərəfləri də var: istifadəçilərin dörddə bir hissəsi (25 faiz) unutqan və fikri dağınıq olduğunu bildirib.

İnternetin digər kənar təsirlərini xarakterizə edən respondentlər vahid fikrə gələ bilməyiblər. Belə ki, istifadəçilərin 58 faizi hesab edir ki, şəbəkə onları tənbəlləşdirib, 42 faizi isə əksinə, daha fəal olmağa kömək edib.

Respondentlərin internetin onların sosiallaşmasına təsiri ilə bağlı suala cavabları daha fərqli olub. Rəyi soruşulanların 53 faizi internetin onların sosial adekvatlığını azaltdığını, 47 faizi isə əksinə, daha populyar etdiyini bildirib. Bu sualda kişi və qadınların fikri üst-üstə düşüb: müvafiq olaraq 52 və 53 faiz sosial qeyri-adekvatlıqdan, 48 və 47 faiz populyarlığının artmasından danışıb.
 
 
“İnternet yalnız alətdir, texnologiyadır və hər birimiz ondan necə və hansı məqsədlə istifadə etməyə, onlayn və oflayn rejimdə nə vaxtadək olmağa, canlı və virtual ünsiyyəti necə bölməyə müstəqil qərar veririk”, - “ESET”-in satış və marketinq üzrə direktoru İqnasio Sbampato deyib, - "CNews www.cnews.ru” yazır.




17/06/14    Çap et