Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya hökuməti xüsusi xidmət orqanlarına sosial şəbəkələri izləməyə icazə verib


Böyük Britaniya xüsusi xidmət orqanlarına qanunvericilik çərçivəsində “Facebook”, “Twitter”, “YouTube” və “Google” servislərində ölkənin bütün istifadəçilərinin fərdi məlumatlarına və yazışmalarına müdaxiləyə icazə verilib. Bu barədə Təhlükəsizlik və Terrorçuluqla Mübarizə İdarəsinin baş direktoru Çarlz Farr deyib. Sənəd “Privacy International” təşkilatının saytında dərc olunub.  
 
Ç.Farr bildirib ki, Britaniya internet servis istifadəçilərinin yazışmaları ABŞ-da yerləşən internet platformaları vasitəsilə həyata keçirildiyindən fərdi məlumat yox, kənar rabitə əlaqəsi hesab edilir. Baş direktor qeyd edib ki, onun rəhbərlik etdiyi idarə istifadəçilərin bütün rabitə vasitələrinə - elektron məktublara, SMS-bildirişlərə, sosial şəbəkələrdəki yazışmalara çıxış imkanına malikdir.
 
Böyük Britaniya qanunlarına görə, dövlət qulluqçuları şəxsi yazışmalara yalnız məhkəmənin verdiyi orderlə müdaxilə edə bilərlər. Order istifadəçinin qeyri-qanuni fəaliyyətlə məşğul olmasına ciddi şübhələr yaranan zaman hər internet ünvanı üçün ayrıca verilir. Bu halda kənar rabitə əlaqəsi hətta qapalı rejimdə iki fiziki şəxs arasında baş versə belə, dövlət nümayəndələri onlara istifadəçiyə ittiham irəli sürmədən müdaxilə etmək hüququna malikdirlər.


Ç.Farrın bəyanatı ilə Böyük Britaniya hökuməti mövcud qanunvericilik çərçivəsində “Tempora” kütləvi izləmə proqramından istifadə etməsini ilk dəfə etiraf edib. Təhlükəsizlik və Terrorçuluqla Mübarizə İdarəsi bu məlumatı bir neçə hüquq müdafiə təşkilatının, o cümlədən “Privacy International”, “Liberty”, “Amnesty International”, “American Civil Liberties Union” təşkilatlarının təzyiqi nəticəsində açıqlayıb.  


“Tempora” proqramı çərçivəsində Britaniya hökumətinə kütləvi izləmə ilə bağlı ilk ittihamlar bir il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən açıqlanan məlumatlardan sonra irəli sürülüb, - “theRunet www.therunt.com” yazır.
 
 




18/06/14    Çap et