Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin noyabr ayında Bakıda ilk dəfə kiberidman üzrə dünya çempionatı keçiriləcək


 Azərbaycanda kiberidman artıq peşəkar səviyyəyə yüksəlib. Bunu avqustun 9-10-da “Park İnn” otelində keçirilən Kompüter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi bir daha təsdiq etdi.
 
Kompüter Oyunları üzrə Milli Assosiasiyadan bildirilib ki, sözügedən yarışlar Azərbaycan Kiberidman Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunub. Builki çempionat “FIFA`14” (fərdi 1x1), “Dota 2” (komanda 5x5), “Tekken Tag Tournament 2” (fərdi 1x1), “Starcraft 2” (fərdi 1x1), “Hearth Stone” (fərdi 1x1), “Super Street Fighter IV” (fərdi 1x1) növləri üzrə keçirilib. Çempionatın final mərhələsi Qusar, Şəmkir, Sumqayıt, Astara, Şəki, Ağdaş və Ucar şəhərlərində keçirilən nümunəvi yarışlardan əvvəl təşkil olunub.
 
Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, builki çempionatda 200-dən artıq oyunçu 7 növdə  qüvvələrini sınayıblar. Həmin növlərdən ikisinə yalnız qadınlar qatılıblar:
 
“Kiberidmanın bütün dünyada sürətlə inkişaf etməsi heç kimə sirr deyil. Azərbaycanda da kompüter oyunlarına və yeni texnologiyalara maraq ildən-ilə artır. Bunun məntiqi nəticəsi olaraq bu cür yarışlara qatılanların sayı da getdikcə yüksəlir. Builki çempionatda paytaxtı və ölkənin regionlarını təmsil edən 2000-dən artıq oyunçu iştirak etdi. IX Milli Çempionatın seçim turunun nəticəsinə görə, təkcə regionlardan 50 gənc kiberidmançı yarışa qatılmışdı. Bu isə öz növbəsində bölgələrdə də kiberidmana olan marağın artmasından xəbər verir. Bu siyahıda xanımlarımız da var. Xüsusilə qeyd etmək istərdim ki, yarışda qalib adı uğrunda mübarizə aparan qadınlar peşəkarlıqlarına və təcrübələrinə görə heç də əks cinsin nümayəndələrindən geri qalmırlar”.
 
Ölkəmizin bu sahədə əldə etdiyi uğurlar sadalananlarla bitmir. Belə ki, bu ilin noyabr ayında Azərbaycanda, paytaxt Bakıda təşkil ediləcək kiberidman üzrə dünya çempionatında ölkəmizə 5 yer ayrılıb. Azərbaycan Kiberidman Federasiyasından qeyd edilib ki, idmançılarımız bizi finalda fərdi “Tekken Tag Tournament 2”, “Starcraft 2”, “Hearth Stone”, “Super Street Fighter IV” növləri, komanda yarışlarında isə “Dota 2” (5x5) növündə təmsil edəcəklər.
R.Əliyevin sözlərinə görə, İeSF çempionatı Beynəlxalq Elektron İdmanı Federasiyası (İeSF) tərəfindən 7-ci dəfə keçiriləcək:
 
“Sevindirici haldır ki, idmançılarımız bu il Bakının ev sahibliyi edəcəyi bu irimiqyaslı turnirdə öz peşəkarlıqlarını nümayiş etdirmək şansı əldə ediblər. Belə bir yarışın məhz bizim ölkəmizdə təşkili idmançılarımızım qələbəyə inam hissini və gücünü daha da artırır. Üzərilərinə düşən bu böyük məsuliyyəti dərk edən idmançılarımız gecə-gündüz hazırlaşır, həm yerli, həm də əcnəbni həmkarları ilə birgə məşq edirlər”. Hazırda isə dünya çempionatına gərgin hazırlıq gedir. Bu yarışı dünyanın 50-dən çox milli federasiyasının nümayəndələri izləyəcəklər:
 
 “Yarışlara ümumilikdə 30-dan çox ölkənin idmançıları qatılacaqlar. Təşkilati məsələlərlə bağlı hazırlıqlara artıq başlamışıq. İeSF nümayəndələri ilə görüş və digər təşkilatı məsələlərlə bağlı müzakirələr aparırıq. Təbii ki, bütün bu nailiyyətlərdə dövlətimizin böyük rolu var. Gənclərimizin inkişafı və onların gələcəyi üçün hər cür şərait yaradan ölkə rəhbərlliyinə öz minnətdarlığımızı bildiririk.  Dövlətimizin, o cümlədən də Gənclər və İdman Nazirliyinin diqqət və qayğısını hər zaman öz üzərimizdə hiss etmişik. Fürsətdən istifadə edib Azərbaycanda kiberidmanın inkişafında əməyi keçən, qurumumuzla əməkdaşlıq edən hər kəsə Azərbaycan kiberidman cəmiyyəti adından minnətdarlığımızı çatdırıram”.
 
 
Bir daha qeyd edək ki, bu cür tədbirin təşkilində əsas məqsəd kiberidmanı Azərbaycanda populyarlaşdırmaqdan, həmçinin gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdan ibarətdir. Əlavə məlumat üçün yarışların rəsmi saytına “www.wcg.az” və ya federasiyanın rəsmi saytına “www.cybersport.az” daxil ola bilərsiniz.
 
 
Həqiqət İSABALAYEVA




12/08/14    Çap et