Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BakuTel” sərgisi bu il 20 illik yubileyini qeyd edəcək


Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi - “BakuTel” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı bu il öz yubileyini qeyd edəcək.
 
Artıq 20 ildir ki, “BakuTel” sərgisi hər il telekommunikasiya bazarının aparıcı subyektlərini öz meydançasında bir araya toplayaraq, İT məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas arena funksiyasını yerinə yetirir və burada möhkəm əlaqələr qurulur, yeni müəssisələr yaradılır. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “BakuTel”in həm inkişafında, həm də təşəkkül tapmasında, eləcə də ona yeni təkan verilməsində sərgiyə yaxından dəstək göstərir.
 
Təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləri olan sərgidə bu günə qədər 100-dən çox şirkətin iştirakı təsdiqlənib. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil  rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribüterləri var. Sərgidə bir sıra ölkələrin milli stendlərinin maraqlı iştirakı gözlənilir. Sözügedən milli stendlərin iştirakı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil olunacaq.
 
Ənənəyə sadiq qalaraq, sərgi gənc mütəxəssislərin regionun İKT sektorunun bu ən böyük tədbiri çərçivəsində öz ixtira, proqram və xidmətləri haqqında danışması üçün imkan yaradır. Bununla əlaqədar olaraq, sərgidə “startap”lara  (yeni fəaliyyətə başlayan şirkətlərə) böyük diqqət ayrılıb və bu il də onların sərgidə iştirakı üçün xüsusi stendlər təşkil olunacaq. Ənənəvi olaraq, “Bakutel 2014” sərgisi konfrans, seminarlar, dəyirmi masalar, biznes və internet forumları və bir çox digər tədbirləri ehtiva edən maraqlı işgüzar proqramı ilə fərqlənəcək.
 
Sərginin ərazisində həm də ən son oyun texnologiyalarından istifadə olunan oyun zonası yerləşəcək. Həmçinin, sərginin 20 illik yubileyi ilə əlaqədar əlavə tədbirlər proqramı planlaşdırılaraq həyata keçiriləcək və bu proqram özünün koloriti və rəngarəngliyi ilə həm iştirakçıları, həm də ziyarətçiləri sevindirməklə yanaşı, sərgidə xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaq.
 
Qeyd edək ki, sərgi 2-5 dekabr tarixlərində təşkil olunacaq.
 
 
Həqiqət İSABALAYEVA




14/08/14    Çap et