Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılovla görüşüb


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid Rüstəm oğlu İsmayılovla görüşüb.

Keçmiş SSRİ dövründən sonra Rusiya Federasiyasında yüksək posta azərbaycanlı əsilli kadrın təyinatının qürurverici olduğunu vurğulayan nazir Əli Abbasov ölkələr arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini diqqətə çatdırıb. Bu münasibətlərin səmimi dostluq, mehriban qonşuluq  prinsipləri üzərində möhkəm bazaya əsaslandığını bildirən nazir əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi, eyni zamanda sərmayə qoyuluşu üçün böyük potensialın olduğunu qeyd edib.
 
 
İki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rəşid İsmayılov Azərbaycan və Rusiya dövlət başçılarının yaxın münasibətləri fonunda formalaşmış bu əlaqələrin nazir müavini kimi fəaliyyəti dövründə daha da möhkəmləndirilməsi üçün səylə çalışacağını bildirib. Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın koordinasiyası üzrə Komissiyasının 29-cu iclasına sədrlik edən R.İsmayılov münasibətlərin gələcək inkişaf yollarına da nəzər salaraq, qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılmasının vacibliyini vurğulayıb.
 
 
Daha sonra görüşdə rabitə və İKT sahəsi üzrə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
 




26/08/14    Çap et