Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk dəfə olaraq “Iteca Caspian” şirkətinin təşkil etdiyi sərgidə ziyarətçilərə daimi plastik kartlar təqdim olunacaq


Cari ilin sentyabr ayında beynəlxalq sərgilərin təşkilatçısı "Iteca Caspian" şirkəti ənənəvi olaraq payız sərgi mövsümünə başlayır. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən göstərilən rəsmi dəstək çərçivəsində təşkil olunur. Bir sıra layihələr isə beynəlxalq birliklər və sənaye assosiasiyalarının dəstəyi ilə həyata keçiriləcək. 2014-cü ilin payız mövsümündə bir sıra  beynəlxalq sərgilərin həyata keçirilməsi planlaşdırılıb:
 
 "ADEX", "BIHE", "Stomatology Azerbaijan", "Beauty Azerbaijan", "Education", "Career", "BakuBuild", "AquaTherm Baku", "CIPS Caspian", "CTE" və "BakuTel". "Iteca Caspian"-dan qeyd edilib ki, bu il qeyri-neft sektoruna həsr olunmuş bir neçə sərginin yubileyi keçiriləcək.
 
Belə ki, "BIHE", "BakuBuild" və "BakuTel" sərgiləri 20 illik, "CTE" sərgisi isə 5 illik yubileyini qeyd edəcək. Sözügedən sərgilər keçirildiyi illər ərzində Xəzər regionunda aparıcı mövqe tutmaqla yanaşı, peşəkarların öz sahələri üzrə ənənəvi görüş yerinə çevrilib: "Bütün yubiley sərgilər üçün əvvəlcədən xüsusi proqram nəzərdə tutulub. İştirakçı və ziyarətçilərin iştirak edəcəkləri  yubiley proqramları öz koloriti və müxtəlifliyi sayəsində sərgilərdə xüsusi təntənə və bayram ab-havası yaradacaqlar".
 
 
Payız sərgi mövsümünü 1-ci Azərbaycan Beynəlxalq Müdafiə sənayesi ("ADEX 2014") sərgisi açacaq və bu sərgi 11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu, sərgi təşkilatçılarının fəaliyyət portfelində tamamilə yeni bir mövzudur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü və rəsmi dəstəyi ilə Bakı Ekspo Mərkəzində müasir silah və texnikaların, eləcə də ölkənin milli müdafiə üzrə güc və qüdrətinin möhtəşəm nümayişi təşkil olunacaq.
 
Debüt sərgi yeni qlobal nailiyyətlərin və yerli istehsalın ən böyük hərbi paradına çevriləcək. Artıq 33 ölkədən 170 şirkət "ADEX 2014" sərgisində iştirak edəcəyini təsdiqləyib. Dünyanın 8 ölkəsindən milli qruplar öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Sərginin platin sponsoru qismində "Damen Shipyards Group"(Niderland Krallığı), qızıl sponsoru qismində isə "Roketsan" (Türkiyə) şirkəti çıxış edir.
 
 
8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgisi müstəqil layihə kimi təşkil edilib, bu ölkədə qiymətli kadrlara artan tələbatla əlaqədardır. Bu sərgi əvvəllər  "Education and Career" sərgisi çərçivəsində keçirilirdi. 2014-cü ilin əvvəlində isə "Karyera" sərgisinin yeni brend altında keçiriləcəyi elan olundu və bu, artıq öz müsbət nəticələrini verib, belə ki, sərgidə iştirakçıların sayca artımı müşahidə olunur. Mühüm fakt isə ondan ibarətdir ki, "Təhsil" və "Karyera" sərgiləri bu sahədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan yeganə tədbirdir.
 
 
Azərbaycanın aparıcı sərgi operatoru - "Iteca Caspian" şirkəti sərgilər çərçivəsində yeni xidmətlərin göstərilməsi ənənəsini davam etdirir. Sentyabr ayından başlayaraq, "Təhsil" sərgisinin "www.education.iteca.az" rəsmi veb-saytına yeni xidmət növü - tələbələrin ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlərinin təyin olunması funksiyası daxil ediləcək. Bu xidmət növü qeydiyyatdan keçmiş ziyarətçilərin sərgi vaxtından daha səmərəli şəkildə istifadə etmələrinə imkan yaradacaqdır. Sərginin başa çatmasından sonra sərgini ziyarət edən və öz əlaqə məlumatlarını saxlayan tələbələr sərginin veb-saytında bu xidmətdən yararlana biləcəklər. Daha bir yenilik isə xüsusi plastik kartlar olacaq. Bu kartlar vasitəsi ilə sərgini qeydiyyatsız ziyarət etmək mümkün olacaq. Plastik kartı xüsusi keçid turniketində göstərmək kifayət edəcək. Plastik kartlar daimi ziyarətçilərə təqdim olunacaq. Həmçinin, ziyarətçilərin "Fast Track" xidməti vasitəsi ilə qeydiyyatı da davam etdiriləcək. Bu xidmət cari ilin yaz sərgilərində özünü doğrultmuşdur. Artıq yaz sərgilərinin bütün ziyarətçilərinin 30%-i "Fast Track" elektron xidməti vasitəsi ilə qeydiyyatdan keçiblər. Bir neçə dəqiqə çəkən bu qeydiyyat proseduru Bakı Ekspo Mərkəzində qeydiyyat zamanı vaxta xeyli qənaət etməyə imkan verir. Bu xidmətdən sərgiyə gedən ziyarətçiləri "Nəriman Nərimanov" metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz aparan avtobuslarda da istifadə etmək mümkündür. Bakı Ekspo Mərkəzində iştirakçılar və ziyarətçilər üçün Biznes və Mətbuat mərkəzi və kompleksin ərazisində kafe və restoranlar fəaliyyət göstərir.
 
 
 
Beləliklə, Azərbaycanın paytaxtı Bakı şəhərində ixtisaslaşdırılmış payız sərgi və konfranslarının dolğun mövsümü gözlənilir. Bu sərgi və konfranslar müvafiq sənaye peşəkarlarına etibarlı tərəfdaşlarla görüşmək, biznesdə yeni istiqamətlər tapmaq və sənayenin yeniliklərindən xəbərdar olmaq üçün unikal imkan yaradacaq. Azərbaycanda keçirilən sərgilərin üstünlüyü ondan ibarətdir ki, xaricdə keçirilən oxşar layihələrdən fərqli olaraq, burada ziyarətçilər üçün sərgiyə giriş pulsuzdur.
 
 
2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları: "SafeLife" şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər) və "Greenwich Travel Club" şirkəti (rəsmi turoperator). Bütün sərgilər, eləcə də iştirakçılara və ziyarətçilərə təqdim olunan xidmətlər barədə daha ətraflı məlumatı sərgilərin və "Iteca Caspian" şirkətinin veb-saytından (www.iteca.az), eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
 
 
 
Həqiqət İSABALAYEVA




01/09/14    Çap et