Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsi yaradılıb


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) "Facebook" səhifəsi yaradılıb. Bu barədə "ICTnews.az"-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

XİN-dən bildirilib ki, ölkədə internet və eləcə də sosial şəbəkə istifadəçilərinin sayı günü-gündən artmaqdadır.
 
 Əhali arasında "Facebook" sosial şəbəkəsinin populyarlığının çoxalması və ora daxil olanların sayında artımın qeydə alınması nazirliyin sözügedən şəbəkədə səhifəsinin yaradılmasına rəvac verib. 
 
 
XİN-dən o da vurğulanıb ki,  nazirlik həyata keçirilən tədbirlər, baş tutan görüşlər və eləcə də rəsmi mövqelərin yayılması, əhaliyə çatdırılması istiqamətində müasir dövrün tələblərindən – informasiya-kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən istifadə etməkdədir. Bundan sonra hər bir şəxs nazirliyin "Facebook" səhifəsini bəyənməklə XİN tərəfindən yayımlanan bütün məlumatları əldə edə bilər.
 
"Facebook" səhifəsi artıq fəaliyyətə başlayıb. Düşünürük ki, sosial şəbəkədəki səhifə məlumatların yayılmasına yeni vasitə olacaq və  bu istiqamətdə görülən işləri daha da sürətləndirəcək" – deyə nazirlikdən bildirilib.
 
 
 
SEYMUR




02/10/14    Çap et