Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda KİV üçün “Elektron hökumət” - mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda müsabiqə elan edilib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  bu gün “Azərbaycanda “Elektron hökumət” -  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və videosüjet müsabiqəsinin başlanmasını  elan edib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Elektron hökumət”in inkişafında maarifləndirmənin əhəmiyyətini qeyd edib.

“Elektron hökumətin formalaşmasında bu mövzuya həsr olunmuş maraqlı və əhatəli məqalələrin yazılması, videosüjetlərin hazırlanması böyük əhəmiyyət kəsb edir, buna görə də kütləvi informasiya vasitələrinin bu maarifləndirmə prosesində rolu əvəzedilməzdir. Bu gün elan etdiyimiz müsabiqənin əsas məqsədlərindən biri də bu cür məqalələrin və süjetlərin sayının artırılmasını təşviq etmək və nəticə olaraq əhaliyə mövcud olan elektron dövlət xidmətləri haqda ətraflı məlumat təqdim etməkdir”, - deyə nazir müavini qeyd edib.
 
Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov öz növbəsində qeyd edib ki,  ötən il bu mövzuda keçirilmiş müsabiqəyə 100-dən çox məqalə təqdim edilib.

“Bu müsabiqənin məqsədlərindən biri həmçinin əhali arasında tələbat olan elektron dövlət xidmətlərini müəyyən etməkdir. Ötən il biz ictimaiyyətin rəyini öyrənərək 36 tələbat doğuran elektron dövlət xidməti yaratdıq və portal inteqrasiya etdik. Hazırda ölkədə  portala daxil olaraq 5 milyon nəfər artıq elektron dövlət xidmətlərindən istifadə edib”, - deyə N. Mərdanov bildirib.
 
Qeyd edək ki, müsabiqə noyabrın 10-dək davam edəcək və iki nominasiya üzrə keçiriləcək: “Ən yaxşı məqalə” və “Ən yaxşı videomaterial”.
 
Müsabiqə “Elektron hökumət nədir?”, “Elektron hökumət portalına nə üçün ehtiyacımız var?”, “Ölkəmizdə Elektron hökumət  necə fəaliyyət göstərir?”, “Elektron hökumətin cəmiyyət üçün faydaları” mövzularını əhatə edir.
 
Müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Hər bir iştirakçı yalnız bir material təqdim edə bilər, videomaterialın həcmi 1-5 dəqiqə, məqalənin isə 8 -14 min simvol olmalıdır. Müsabiqə dil və janr məhdudiyyəti nəzərdə tutmur.
 
Materiallar “musabiqa@rabita.az” elektron poçt ünvanına göndərilməlidir.
 
Müsabiqədə nominasiyalar üzrə birinci yeri tutmuş qaliblərə 2500 manat, ikinci yeri tutmuş qaliblərə 1500 manat pul mükafatı, üçüncü yeri tutmuş qaliblərə isə noutbuk hədiyyə ediləcək.
 
Müsabiqə haqda ətraflı məlumatı “www.e-gov.az” internet resursundan və ya 157, (012) 598 42 71 telefon nömrəsindən almaq olar.
 
Aynur Vəliyeva 




03/10/14    Çap et