Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

QKDK-nın göstərdiyi elektron xidmətlər təkmilləşdirilib


Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) "Açıq qapı günü" təşkil edilib.
 
Tədbirdə komitənin aparat rəhbəri Bəxtiyar Əzizov "Açıq qapı günü"nün keçirilməsinin ictimaiyyətin və KİV nümayəndələrinin QKDK-nın struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib.
 
B.Əzizov tədbirin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində şəffaflığın artırılması və mərkəzi icra hakimiyyəti orqanlarının açıq hökumət prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirildiyini söyləyib.
 
Komitənin əhaliyə təqdim etdiyi elektron xidmətlərdən söz açan aparat rəhbəri bildirib ki, hazırda QKDK tərəfindən 10 elektron xidmət vətəndaşların istifadəsindədir:
 
"Amma QKDK-nın fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq deyə bilərik ki, bunlar 57 prosedurdan ibarət olan xidmətlərdir. Yeri gəlmişkən qeyd edim ki, bu məsələyə bizim yanaşmamız bir qədər fərqli oldu. Yəni bəzi dövlət  qurumlarında qismən elektronlaşma həyata keçirildi. Biz isə başlanğıcdan etibarən göstərdiyimiz xidmətlərin hamısını əhatə etməyə çalışdıq. Ona görə də komitə bütün xidmətlərini elektron səviyyəyə çatdırıb.  Hər bir vətəndaş komitənin rəsmi internet səhifəsinə və ya "Elektron Hökumət" portalı"na daxil olaraq xidmətlərimizdən sərbəst formada faydalana bilərlər".
 
 
Komitənin göstərdiyi xidmətlərin elektronlaşdırılmasından sonra onların üzərində bir sıra təkmilləşdirmə işlərinin aparıldığını vurğulayan B.Əzizov əlavə edib ki, vətəndaşlar üçün elektron ödəmə imkanları yaradılıb:
 
 "Bununla yanaşı, cərimələrin elektron kartlardan istifadə edərək elektron şəkildə köçürülməsi üçün sistem qurduq. Bu istiqamətdə inkişaf gedir. Hesab edirəm ki, hazırda komitənin bütün elektron xidmətləri açıqdır və ondan istifadə etmək imkanları var. Onu da bildirim ki, 2013-cü ildə elektron xidmət vasitəsi ilə bağlanmış əqdlərlə bağlı təqdim edilən hesabatların sayı 2254 olub. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində isə göstərilən rəqəm 1815 olub. Qeyd edim ki, hesabatlar komitədə elektron xidmətlər vasitəsi ilə qəbul edilib".
 
 
Seymur Qasımbəyli




22/10/14    Çap et