Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər "ağıllı saat" bazarını araşdırıblar


2014-cü ilin üçüncü rübündə "ağıllı saat" və "ağıllı qolbaq"ların dünya bazarına tədarükü 5 milyona çatıb. Cari ilin ikinci rübü ilə müqayisədə tədarüklərin həcmi 37% artıb. "Ağıllı qolbaq" seqmentində "Fitbit" və "Jawbone" liderdir. Analitiklər "Android Wear" platformasının yaxşı start götürdüyünü qeyd ediblər.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Samsung" şirkəti sözügedən bazarın lideridir. Tədarüklərin 52%-i bu şirkətə məxsusdur. Sonrakı pillələrdə "Motorola" (15%) və "Pebble"  (12%) şirkətləri qərarlaşıb.
 
Bu yaxınlarda Çinin "Lenovo" şirkəti tərəfindən satın alınmış "Motorola" şirkəti "Android Wear" platforması ilə işləyən "ağıllı saat" seqmentində liderdir.
 
"Canalys" analitik şirkəti "ağıllı qolbaq" adlandırdığı qurğular qrupunu ayrıca fərqləndirir. Bu tip qurğular "ağıllı saat"dan onunla fərqlənirlər ki, əlavələrin quraşdırılmasını dəstəkləmirlər, hərçənd vaxtı göstərə bilərlər.
 
"Canalys"in məlumatına görə, 2014-cü ilin üçüncü rübündə "ağıllı qolbaq" seqmentində "Fitbit" birinci, "Jawbone" şirkəti ikinci olub. Üçüncü pillədə "Garmin", dördüncü və beşinci pillələrdə müvafiq olaraq "Xiaomi" və "Huawei" şirkətləri yer alıb.
 
"Canalys"in proqnozuna əsasən, 2014-cü ildə dünya bazarına təxminən 7 milyon "ağıllı saat" və təxminən 12 milyon "ağıllı qolbaq" tədarük ediləcək və 2015-ci ildə bu göstərici müvafiq olaraq 28,2 milyon və 15 milyon qurğuya çatacaq.
 
Emil Hüseynov
 
 
 
 




19/11/14    Çap et