Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regional Rabitə Birliyinin rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar keçirilib


Noyabrın 18-19-da Moskvada Ümumdünya Poçt İttifaqının (ÜPİ) elektron ticarətin və ixracın inkişafı üzrə strateji regional layihəsi çərçivəsində Regional Rabitə Birliyinin (RRB) rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar keçirilib.

Bu, mikro, kiçik və orta biznes müəssisələri ilə elektron ticarətin və işgüzar əməkdaşlığın inkişafı üzrə ilk regional forumdur.

RRB İcraiyyə Komitəsi, ÜPİ Beynəlxalq Bürosu, Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyası (PostEurop)və Rusiya Rabitə Administrasiyası ilə birlikdə təşkil olunan seminarda milli poçt operatorlarının baş direktorları və onların müavinləri, struktur bölmələrinin rəhbərləri, poçt rabitəsi məsələləri ilə məşğul olan nazirlik, agentlik və komitələrin işçiləri, rabitə administrasiyalarının aparıcı mütəxəssisləri və RRB və Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyasının (Cənub-Şərqi Avropa) layihə üzrə təyin edilən operatorlarının milli əlaqələndiriciləri iştirak ediblər. İştirakçıların ümumi sayı 80 nəfərdən çox olub.

Seminarda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnfrastrukturun inkişafı şöbəsi, poçt sektorunun müdiri Novruz Məmmədov, “Azərpoçt” MMC-nin  Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov və Plastik kartlar şöbəsinin rəisi Fərid Cəfərov təmsil ediblər.

Seminarı Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Mixail Yevraev açıb.
Giriş sözü ilə “Rusiya Poçtu”nun baş direktoru Dmitri Straşnov, RRB İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhutdinov, Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyasının baş katibi Botond Tseben çıxış ediblər.  

ÜPİ Beynəlxalq Bürosunun baş direktoru adından müraciəti Avropa və MDB ölkələri üzrə regional proqramın rəhbəri Aleksandr Sudakov oxuyub.

Seminarda iştirakçılar elektron ticarətin və ixracın inkişaf məsələlərini, qlobal tendensiyaları, poçt administrasiyaları üçün hazırkı və gələcək imkanları, eləcə də poçt ticarətinin inkişafına yardım sahəsində tendensiya və imkanları müzakirə ediblər. Bundan başqa, iştirakçılar Avropada elektron ticarətin inkişafını (qanunvericilik, normativlər və s.), inkişaf etməkdə olan ölkələrdə mikro, kiçik və orta biznes müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yanaşmanı, konkret nümunə və qabaqcıl təcrübəni, o cümlədən elektron ticarət sahəsində poçt əməliyyatları (texnoloji əlaqə), elektron ticarət sahəsində informasiya poçt platformaları, lokal İT sistemləri, texnoloji həllərin hazırlanması, ÜPİ-nin elektron ticarət sahəsində İT məhsullarının strukturu (poçtda elektron ticarətin inkişafına xidmət edən alətlər, ödəniş və logistika üçün kompleks həllər, həmçinin ÜPİ elektron gömrük bəyannaməsi sistemi) kimi məsələləri nəzərdən keçiriblər.
ÜPİ Beynəlxalq Bürosunun nümayəndələri “.post” platformasından elektron ticarət sahəsində tranzaksiyaların etibarlığının təmini üçün istifadə imkanları, filateliya üzrə internet mağazalarının “.post” əsasında keçirdikləri sınaqlar və “.post” çərçivəsində “website-in- a box” həlli, eləcə də vahid alış mərkəzinin (milli və regional elektron mağaza platformalarının mikro, kiçik və orta müəssisələr üçün yaradılması və istismarı) yaradılması imkanları barədə məlumat veriblər.

Bundan əlavə, iştirakçılar BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində ticarətin inkişafına dəstək, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində beynəlxalq ticarətin inkişafına dair saziş, onun əsas müddəaları, özəl sektor üçün tətbiqi və imkanları, mikro, kiçik və orta müəssisələrlə tərəfdaşlıq münasibətlərinin inkişafı və ticarətin inkişafına kömək məsələlərinə diqqət yetiriblər.

ABŞ, İspaniya və Portuqaliya Poçt İttifaqının nümayəndəsi Cənubi Amerika ölkələrində mikro, kiçik və orta müəssisələr üçün ixracı asanlaşdıran “ExportaFácil” texnologiyasının Braziliya, Peru və Ekvadorda fəaliyyəti (təcrübə, problemlər, təsir, nəticə) barədə məlumat verib. ÜPİ-nin ixracın sadələşdirilməsi (proqram, sorğu və təlimat) üzrə metodologiyası da müzakirə edilən məsələlər sırasında olub.
Beynəlxalq Gömrük İttifaqının nümayəndəsi gömrük xidmətlərinin poçt vasitəsilə ticarətin inkişafına necə kömək edə bilməsi barədə danışıb.

ÜPİ Beynəlxalq Bürosunun nümayəndəsi ÜPİ-nin elektron ticarət sahəsində çatdırılma üzrə yeni xüsusiyyətləri özündə birləşdirən proqramını (ECOMPRO) təqdim edib.

Seminar iştirakçıları internet mağazaları/ixrac üçün poçt platformaları vasitəsilə bağlantıların yaradılması imkanlarını, ÜPİ-nin elektron ticarət üzrə təlimatını, poçt operatorları üçün elektron ticarət və biznes modellərinin tətbiqi məsələlərini nəzərdən keçirib, ÜPİ-yə elektron ticarətin inkişafı üzrə regional və milli biznes modellərinin tətbiqinə köməyin göstərilməsi perspektivlərini, tövsiyələri və regional səviyyədə atılacaq gələcək addımları (fəaliyyət planı layihəsi) müzakirə ediblər.

Seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
 
 




21/11/14    Çap et