Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın poçt müəssisələrində monitorinq aparılıb


Azərbaycanın milli poçt operatorunun müəssisələrində poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə dəstək məqsədilə Ümumdünya Poçt İttifaqının (ÜPİ) xüsusi layihəsinin  tətbiqi ilə əlaqədar olaraq “Posteurop”un 6 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 22-dən dekabrın 2-dək ölkəmizdə səfərdə olub.
 
“Azərpoçt” MMC-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, nümayəndə heyəti Bakının 1 saylı Poçt Filialında, Poçt Daşıma Mərkəzində, Hava Limanının Poçt Daşıma Sahəsində, Abşeron PF-də və Xaçmaz RPF-də monitorinq aparıblar.
 
Noyabrın 28-də “Azərpoçt”da monitorinqin nəticələri mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə edilib.  Qəbul zamanı “Azərpoçt”un baş direktoru Qəmbər Bəybalayev nümayəndə heyətinə MMC-nin son illər əldə etdiyi nailiyyətlər, beynəlxalq əlaqələr, eləcə də maliyyə xidmətlərinin tətbiqi ilə bağlı məlumat verib.
 
Dekabrın 1-də “Azərpoçt”da monitorinqin nəticələri ilə bağlı hesabat xarakterli təqdimat mərasimi keçirilib.  Tədbirdə poçt operatorunun güclü və zəif tərəfləri açıqlanıb, istismar və keyfiyyətin daha da yaxşılaşdırılması barədə təkliflər verilib. Nümayəndə heyətinin verdiyi məlumata görə, son təkliflər paketi bu ayın sonunda göndəriləcək.
 
Qeyd edək ki, son təkliflər paketi “Azərpoçt” MMC-yə daxil olduqdan sonra geniş tədbirlər planının tərtib edilərək il yarım ərzində həyata keçirilməsi nəzərdə tutulub.
 
CAHANGİR
 




03/12/14    Çap et