Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliya brendindən 6000 dollarlıq smartfon


“Tonino Lamborghini Tauri Mobile” brendi rəsmən yeni “88 Tauri” smartfonunu nümayiş etdirib. Cihaz lüks smartfon həvəskarlarını yalnız qeyri-adi xarici görünüşü və keyfiyyətli materiallarla deyil, həm də yüksək məhsuldarlığı ilə sevindirməlidir.
 
"ICTnews" elektron xəbər xidməti “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, smartfon poladdan hazırlanmış qara, qızılı və gümüşü korpuslarda əlçatandır. Korpus 5 rəng (qara, göy, qırmızı, narıncı, qəhvəyi) həllində yüksək keyfiyyətli dəridən işlənib.
 
Cihaz 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli və 64 QB daxili artırıla bilən yaddaş, 8 meqapiksellik ön və 20 meqapiksellik əsas kamera ilə təchiz olunub. Sonuncu ikiqat işıq diodu işıqlandırıcısına malikdir. Aparata 3400 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçılar əmin edir ki, “3G” şəbəkəsində 35 saatadək, gözləmə rejimində isə 1000 saatadək danışıq mümkündür.
 
Smartfonun 1947 nüsxəsi buraxılacaq: bu rəqəm “Tonino Lamborghini” şirkətinin yaradıcısının təvəllüdünə uyğundur, seriya nömrəsi hər bir cihazın arxa hissəsində həkk edilib. 2014-cü il dekabrın sonunda  smartfonun satışına başlanılacaq, qiyməti 6000 dollar olacaq.
 
Emil Hüseynov
 

 




08/12/14    Çap et