Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün "Linux" əməliyyat sisteminin yaradıcısının anadan olduğu gündür


1969-cu il dekabrın 28-də Finlandiyada "Linux" əməliyyat sisteminin (ƏS) yaradıcısı Linus Torvalds anadan olub. O, 12 yaşından proqramlaşdırma ilə maraqlanmağa başlayıb. İlk olaraq, babası onu riyazi hesablamalar üçün nəzərdə tutulmuş kompüterlə tanış edib. Bundan sonra Torvalds jurnallar oxumağa, öz proqramlarını yaratmağa başlayıb. O, bundan sonra Helsinki Universitetinin informatika fakültəsinə daxil olub.
 
Günlərin birində əlinə keçmiş kitabda kompüter sistemləri tərtibatçısı Endrü Tanenbaum "Minix" ƏS-ni yaratmaq haqda fikirlərini  bölüşüb. Torvalds kitabda bir neçə çatışmazlıq aşkar edir və bu barədə "Minix" platformasının yaradıcılarına bildirərək öz sistemini yaratmaq qərarına gəlib.
 
1991-ci il sentyabrın 17-də Torvalds "Linux" ƏS-nin mənbə kodunu internetdə yerləşdirib. Endrü Tanenbaumun sözügedən sistem haqda mənfi rəyinə baxmayaraq, yeni platforma böyük marağa səbəb olaraq sürətlə populyarlaşıb.
 
2003-cü ildən etibarən Torvalds hazırda  “The Linux Foundation" adlanan "Open Source Development Labs" qeyri-kommersiya təşkilatında işləyir.
 
Emil Hüseynov




27/12/14    Çap et