Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco Systems” şirkəti ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ABŞ-ın dünyada məşhur "Cisco Systems" şirkətinin geniş tərkibdə təmsil olunan nümayəndə heyəti ilə görüş keçirilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə şirkətlə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
 
Azərbaycanın strateji hədəflərində yer almış İKT və yüksək texnologiyalar sahəsində yürüdülən dövlət siyasətindən söz açan nazir Əli Abbasov bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini, dövlət sifarişi əsasında reallaşan layihələrin icrası zamanı isə başlıca tələbin keyfiyyətlə bağlı olduğunu vurğulayıb.
 
Beynəlxalq şirkətlər tərəfindən Azərbaycanın reytinqinin yaxından izlənildiyini diqqətə çatdıran "Cisco" korporasiyasının vitse-prezidenti Conatan Sparrou ölkəmizin regionun informasiya xidmətləri mərkəzinə çevrilməsi ilə bağlı hədəfini dəstəklədiklərini qeyd edib. Azərbaycanda güclü komanda ilə çalışdıqlarını da vurğulayan vitse-prezident xüsusən "Milli genişzolaqlı internetin inkişafı" layihəsinə maraq göstərdiklərini, layihə üzrə müvafiq təklifləri irəli sürməyə hazır olduqlarını diqqətə çatdırıb.
 
Daha sonra şirkət tərəfindən hazırlanan milli genişzolaqlı internet infrastrukturunun yeni platforması təqdim edilib.
 
 
 
 




09/02/15    Çap et