Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT-nin hüquq müdafiəçiləri internetdə uşaqların təhlükəsizliyini təmin etməyə səsləyib


BMT-nin hüquq müdafiəçilərindən ibarət qrup virtual məkanda uşaqları cinsi həqarət, sui-istifadə və təcavüzdən qorumaq, bu məkanda onlara düzgün davranış öyrətmək üçün valideyn və müəllimlərin çağırışını dəstəkləyib. Bununla belə, uşaqların söz azadlığını və informasiya əldə etmə hüququnu məhdudlaşdırmamaq vurğulanıb.

Ekspertlər bildirib ki, informasiya və kommunikasiya texnologiyaları fenomenal sürətlə inkişaf edir və yayılır. Bu gün daha çox uşaq vaxtının çox hissəsini internetdə keçirir. Onlar internetdə oynayır, yaradıcılıqla məşğul olur, ünsiyyət saxlayır və özlərini ifadə edirlər.

İnternet uşaqlara informasiyaya çıxış hüququnu, ifadə azadlığını və ictimai müzakirələrdə iştirak etmək hüququnu reallaşdırmağa imkan verir. “Ümumdünya hörümçək toru” uşaqlarda tənqidi təfəkkürün inkişafına kömək edir.

İnternetin dəyəri onun açıq və əlçatanlığındadır, amma məhz bu xüsusiyyətlər uşaqlar üçün böyük təhlükə doğurur. Belə ki, onlar naməlum şəxslər tərəfindən cinsi qəsdlərə məruz qalırlar. Yeni texnologiyalar uşaqların istismarı və onların təhqir edilməsi ilə bağlı materialların yaradılmasını və yayılmasını sadələşdirir. Bundan başqa, bir çox uşaqlar internetdə anonim təhqirlərin qurbanı olur. Bütün bunlar uşaqların psixikasının formalaşmasına mənfi təsir edir. Bu, innovasiyalar və söz azadlığı üçün ödənilən qiymətdir.

Kommunikasiya texnologiyalarının inkişafı ilə bəzi dövlətlər uşaqların müdafiəsi adı altında internetdə ifadə azadlığına hədsiz məhdudiyyət qoyub.

Hüquq müdafiəçilərinə görə, belə tədbirlər adətən özünü doğrultmur, onlar ifadə azadlığının pozulması ilə nəticələnir və uşaqların öyrənmək həvəsini məhdudlaşdırır. Əksinə, BMT-nin nümayəndələri uşaqları internetdə təhlükəsiz davranışa öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu təklif edirlər.

"Biz dövlətləri kiberməkanda uşaqlara qarşı zorakılıq, sui-istifadə və istismarın bütün formalarını qadağan edəcək, həmçinin uşaqların ifadə azadlığını və informasiyaya çıxış hüququnu qoruyacaq dəqiq və əhatəli hüquqi çərçivə yaratmağa çağırırıq" – BMT-nin hüquq müdafiəçiləri bildirib. Onlar, həmçinin təhlükəsizlik tədbirlərinə riayət etməklə hamını internetdən məsuliyyətlə istifadəyə çağırıb.

Emil Hüseynov
 
 
 
 




11/02/15    Çap et