Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kibertəhlükəsizlik məsələləri müzakirə olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İsrail Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və İsrailin dövlət qurumunda kibertexnologiyalar və kompüter proqramları departamentinin rəhbəri İris Zur Bargury ilə görüş keçirilib.
 
 Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İsrail münasibətlərinin bütün sahələrdə, o cümlədən İKT sahəsində hazırkı səviyyəsinin razılıq doğurduğu, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanaraq davam etdirilən əlaqələrin çox yüksək səviyyədə inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
 
 
Tərəflərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə müvəffəq olduqlarını nəzərə çatdıran İsrail Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz da bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini qeyd edib. Xanım İris Zur Bargury isə İsrail təhsilində tətbiq edilən kiber və kompüter proqramlarından söz açaraq, bu sahədə qazandıqları uğurlu təcrübələri Azərbaycanla bölüşməyə hazır olduqlarını söyləyib.
 
Görüşdə kibertəhlükəsizlik məsələsinin aktuallığı nəzərə alınaraq, bu sahənin gələcək əməkdaşlıq istiqamətlərində yer almasının zəruriliyi bildirilib.




19/02/15    Çap et