Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzinin təşkilatçılığı ilə “İT layihələrinin idarəedilməsi” mövzusunda seminar keçirilib


İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi  (UN-APCICT) ilə Qafqaz Universitetinin (QU) birgə təşkil etdiyi “Bu günün gəncləri sabahın liderləri” layihəsi çərçivəsində QU-da “İT layihələrinin idarəedilməsi” mövzusunda seminar təşkil edilib.
 
Seminar UN-APCİCT-in hazırladığı eyni adlı dərslik vəsaitini ölkəmizdə tanıtmaq və onun lokallaşdırılması üçün addımlar atmaq məqsədi daşıyıb.
 
 
Qeyd edək ki, APCICT 2006-cı il 16 iyul tarixdə BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional təşkilatı kimi yaradılıb.
 
Təşkilat İKT-dən istifadə yolu ilə həm cəmiyyətlərin inkişafına kömək etmək, həm də Minilliyin İnkişaf Məqsədlərinə çatmaq kimi funksiyalar daşıyır. UN-APCICT sözügedən məqsədlərə treninqlər vasitəsi ilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn üsulları ilə aparılır. İndiyə kimi keçirilən təlimlərə 120 ölkədən 12000 nəfər cəlb olunub. UN-APCICT-nin əsas proqramı hesab edilən “Dövlət məmurları üçün İKT-nin əsasları üzrə Akademiya”-nın təlimləri 11 təlim modulu üzrə təşkil edilir. Bununla yanaşı, 2011-ci ildən başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi layihəsinə başlayıb və “Primer 1: Introduction to ICT Applications” adlı bakalavr pilləsi üçün dərs vəsaiti hazırlayıb. Qafqaz Universitetinin əməkdaşları bu layihə çərçivəsində 2011-ci ildə Cənubi Koreyanın Çeonan şəhərində təşkil edilmiş beynəlxalq forumda iştirak edib və sözügedən layihənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi layihəni davam etdirməyi təklif edib. Bu əməkdaşlığın növbəti addımı olaraq, 2012-ci ildə QU-nun magistr tələbələri, müəllim və professor heyətinin iştirakı ilə 3 günlük seminar təşkil edilib.
 
 Seminarda UN-APCİCT-nin direktoru və sözügedən kitabın redaktoru və müəlliflər heyətinin sədri, professor Usha Redi iştirak edib. Məqsəd adı çəkilən kitabın təqdimatı və Azərbaycan universitetlərində bu dərs vəsaitinin tədris olunma metodlarının öyrənilməsi idi.
 
Layihə çərçivəsində növbəti addım olaraq, Azərbaycanın 12 universitetindən 55 bakalavr tələbələrinin iştirakı  isə artıq İKT-nin müxtəlif sahələrdə tətbiqi, metodları və layihələrin idarə edilməsi istiqamətində seminarlar veriləcək. Seminar ərzində tələbələr ilə cari layihələr üzərində işləmək üçün praktik işlər aparılacaq. Seminar Qafqaz Universitetinin magistr tələbələri, müəllim və professor heyəti tərəfindən təqdim ediləcək. 2012-2014-cü illər arası daha 4 modul üzrə dərslik vəsaiti hazırlanıb. Birinci modul üzrə dərslik vəsaiti Qafqaz Universitetinin dəstəyi ilə Azərbaycan dilinə lokalizasiya edilib, statistik məlumatlar dəyişdirilib. Azərbaycan dilində kitabın müəllifləri Anar Rüstəmov, Etibar Seyidzadə, Aysel Sadıqlıdır.
 
 
 
Həqiqət İSABALAYEVA




25/02/15    Çap et