Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” əməliyyat sisteminin bazar payı yüksəlib


Belə təxmin edilirdi ki, “Windows 10” əməliyyat sisteminin çıxarılması köhnə  ƏS-nin populyarlığının azalması ilə nəticələnəcək. Ancaq hazırda bu tendensiya müşahidə olunmur.

Bundan başqa, ötən ay “Windows 7” ƏS-i, demək olar, dünyada mövcud olan və “Windows” ilə işləyən kompüterlərin 2/3-də quraşdırılıb. “NetMarketShare” xidməti yeni statistikasını təqdim edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin martına əsasən, “Microsoft”un ƏS-i ilə işləyən fərdi kompüter (FK) bazarında “Windows 7” platformasının bazar payı 63,7 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 2,6 faiz yüksəkdir.

Bu halda “Windows 8/8.1” platformalarında durğunluq müşahidə olunur: ötən dörd ayda bu məhsulların bazar payı yalnız 0,6 faiz yüksələrək 15,4 faizə çatıb. Halbuki müvafiq dövrdə “Windows 7” platformasında 2,2 faizlik artım qeydə alınıb.

13 yanvar 2015-ci il tarixində “Microsoft” şirkəti “Windows 7” platformasının əsas ödənişsiz dəstəyini dayandırıb, ancaq o andan etibarən 2020-ci ilin əvvəlinədək davam edəcək genişləndirilmiş dəstək mərhələsi start götürüb.

“Windows” əməliyyatlar sisteminin payı 91,22 faiz təşkil edib. “Mac OS X” platformasının bazar payı 7,28 faiz təşkil edib ki, bu da 2014-cü ilin mayından ən böyük göstəricidir. “Linux” əməliyyat sistemi bazarının 1,5 faizinə nəzarət edir.

Emil Hüseynov




02/04/15    Çap et