Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib


Avstriya Respublikasının elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Qierlinqerin ölkəmizə səfəri çərçivəsində iyunun 3-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib. Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
 

Görüşdə hər iki tərəfdən rəsmi şəxslərə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, tikinti, sənaye, İKT, konsaltinq, maliyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.
 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə İKT sahəsinin sürətli inkişafı dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını daha da artırır. İKT xidmətlərinin genişləndirilməsinin, informasiya və bilik bazarının inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd edən Elmir Vəlizadə vurğulayıb ki, İKT-nin inkişafı, xüsusilə yüksəksürətli, genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr mühüm əhəmiyyətə malikdir.
 

Avstriya Respublikasının elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Qierlinqer sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Avstriya Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.
 

Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə danışıb. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu deyən AZPROMO rəhbəri Avstriya iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sonra Avstriya Federal Ticarət Palatasının MDB üzrə regional meneceri Michael Angerer ölkəsinin iqtisadiyyatı, biznes mühiti və tədbirdə iştirak edən Avstriya şirkətlərinə dair məlumat verib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.






03/06/15    Çap et