Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir I Avropa Oyunlarını canlı izləyəcək


Azərbaycanda nazir, komitə sədrləri və millət vəkilləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcək, idman yarışlarını canlı izləməyə çalışacaqlar.

APA bununla bağlı dövlət rəsmiləri arasında sorğu keçirib.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov açıqlamasında deyib ki, açılış və bağlanış mərasimlərində iştirak edəcək: "Mən həmçinin Azərbaycan idmançılarının iştirak etdiyi bütün oyunları izləyəcəyəm. İdmançılarımıza bol şans, uğur arzu edirəm".

I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyini bildirən baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, o, idman yarışları arasında bədii gimnastikanı daha çox izləyir: "Ancaq milli komandamızın iştirak etdiyi yarışların hamısını izləməyə çalışacağam".

Baş nazirin müavini Əli Əhmədov da Avropa Oyunları üçün bilet alıb: "Bir çox idman növlərinə maraq göstərirəm və həmin yarışların bir neçəsini izləyəcəyəm. Azərbaycan idmançılarının daha böyük uğurlar qazanmaq imkanı olacaq yarışlara üstünlük verəcəyik. Məsələn, bədii gimnastika, cüdo yarışlarına baxacağıq. Paralimpiya idmançılarımızın da yarışlarına baxacağıq. Paralimiyaçılarımız bizə söz verdilər ki, medallar qazanacaqlar".

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə deyib ki, "Bakı 2015 Avropa Oyunları"nın Azərbaycanda keçirilməsi böyük bir əhəmiyyət daşıyır və tarixi hadisə kimi qeyd olunmalıdır.

H. Bağırov bildirib ki, Avropa Oyunları çərçivəsində keçiriləcək yarışları izləmək üçün müxtəlif ölkələrdən qonaqları gələcək: "Onlar Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışlarını izləmək istəyirlər və artıq müxtəlif idman növlərini seçiblər. Onlar üçün biletlər də rezervləşdirilib. Mən də qonaqlarla birgə Avropa Oyunlarının açılış və bağlanış mərasimində iştirak edəcəyəm, uyğunlaşdırılmış proqram əsasında onların ölkəmizdə yarışları izləməsinə, həm də tarixi məkanlarla tanış olmalarına çalışacağam. İstəyirəm ki, Azərbaycanı daha yaxından tanısınlar, dəyişiklikləri görsünlər".

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, idman yarışlarını ailə üzvləri ilə birgə izləyəcək. Nazir imkan daxilində idman yarışlarının hamısında tamaşaçı kimi iştirak etmək niyyətindədir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev voleybol, üzgüçülük, boks, cüdo, atıcılıq, güləş, bədii gimnastika, yüngül atletika kimi idman növlərinə maraq göstərdiyini, bu idman növləri üzrə keçiriləcək yarışları izləyəcəyini bildirib.

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov açıqlamasında qeyd edib ki, Avropa Oyunları çərçivəsində keçiriləcək yarışları izləmək üçün ailəliklə bilet alıb: "Mən daha çox paralimpiyaçılarımızın cüdo yarışlarının qalibi olmasını istəyirəm. Bütün yarışlarla bərabər, paralimpiyaçıların cüdo yarışlarını da izləyəcəm. Eyni zamanda maraqlı yarışlar çoxdur. Mən idmanın bütün növləri ilə maraqlanıram. Xüsusi olaraq çimərlik futbolu ilə bağlı yarışlara gedəcəyəm. Güləş, bədii gimnastika, taekvondo, boks yarışlarında idmançılarımızın yüksək nailiyyətlər əldə edəcəyinə inanıram və hamımız orada olacağıq. Himnimizin bu yarışlarda dəfələrlə çalınmasını arzulayıram".

Təhsil naziri Mikayıl Cabbarov da I Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməyi planlaşdırır: "Çünki bu Azərbaycanın idman tarixində unudulmaz hadisədir. Ona görə də bu şansı qaçırmaq istəmirəm. İmkan olduqca həftə sonları yarışları stadionda izləməyə qatılacağam. Çimərlik futbolu, voleybol, basketbol kimi daha çox komanda növlərinə aid olan yarışlar mənim üçün daha maraqlıdır".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, Avropa Oyunlarının həm açılış, həm bağlanış mərasimlərində iştirak edəcək. Bundan əlavə, Avropa Oyunları çərçivəsində xüsusilə gimnastika, voleybol və basketbol oyunlarına xüsusi maraq göstərəcək. Həmin idman növləri üzrə oyunları yarışların keçiriləcəyi məkandan canlı izləyəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək: "Ən əsası üzgüçülük, bədii gimnastika, yüngül atletika və tennisi arenada canlı izləyəcəyəm".

Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyini söyləyən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib ki, I Avropa Oyunları miqyasına və kütləviliyinə, birinci dəfə keçirilməsinə və elə ilk oyunların hər zaman Avropa dəyərlərinə böyük hörmətlə yanaşan Azərbaycanda keçirilməsinə görə möhtəşəmliyi ilə fərqlənən bir tədbirdir: "Dövlətini, millətini sevən hər bir azərbaycanlı I Avropa Oyunlarına respublikamızın ev sahibliyi etməsindən qürur duyur. Bu tədbirdə iştirak etmək isə həm tarixi şans, həm də vətəndaşlıq borcudur".

F. Nəbiyev I Avropa Oyunlarında təmsil olunacaq əksər idman növlərini izləmək həvəsindədir, amma özünün maraq göstərdiyi atıcılıq, boks, karate, güləş, cüdo, voleybol, basketbol, yüngül atletika, gimnastika, idman gimnastikasını idman arenalarında izləməyi planlaşdırır.

Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin sədri Ramiz Həsənov açıqlamasında Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışlarının hamısını izləməyə çalışacağını vurğulayıb: "Çalışacağam ki, müəyyən yarışları elə idman arenalarında izləyim".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə güləş idman növünə xüsusi marağı olduğunu açıqlayıb: "İmkan və şərait daxilində bu növdə yarışları yerində, bu, mümkün olmadıqda həm güləş, həm də digər idman növləri ilə bağlı yarışları televiziya vasitəsi ilə izləməyə çalışacağam".

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə də Avropa Oyunları çərçivəsində keçirilən yarışlara xüsusi önəm verir və bu yarışların bir qismində tamaşaçı kimi iştirak edəcək.

SOCAR prezidenti Rövnəq Abdullayev açıqlamasında idman yarışlarının hamısını yerində izləməyə çalışacağını qeyd edib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da imkan daxilində bütün növlər üzrə yarışları izləməyə çalışacağını söyləyib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, I Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməklə bərabər, daha çox voleybol, velosiped, üzgüçülük, idman növlərində keçirilən yarışlarla maraqlanır: "Çalışacağam ki, bəzi yarışları elə idman arenasında, yerində izləyim. O idman arenalarında oturub yarışları izləməkdən iftixar hissi keçirəcəyəm".

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etməyə çalışacaq: "Canlı baxmağın ayrı effekti var. Bilet alaraq imkan daxilində Azərbaycan idmançılarının ənənəvi güclü olduğu güləş, karate, sambo, cüdo, boks yarışlarını canlı izləməyə çalışacam".

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da yarışlara baxmaq üçün bilet alıb, basketbol və çimərlik futbolu üzrə keçirilən yarışları izləyəcək.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da mümkün qədər bütün yarışları canlı izləməyə çalışacaq. A. Məhərrəmov açıqlamasında xoşladığı idman növləri sırasında yüngül atletika, gimnastika, üzgüçülük, çimərlik futbolu, çimərlik voleybolu, basketbol, boks, karate, stolüstü tennis, güləş, sambo, atçılıq, oxatma və velosiped yarışlarının adlarını çəkib. BDU-nun rektoru onu da nəzərə çatdırıb ki, bu ali məktəbin 3 min tələbəsi 250 istiqamətdə Avropa Oyunlarına könüllü qismində cəlb olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov APA-ya açıqlamasında Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyini, Avropa Oyunları çərçivəsində bədii gimnastika, güləş, üzgüçülük və voleybolla maraqlandığını bildirib: "Övladlarıma da söz vermişəm, oyunları onlarla birgə izləyəcəm".

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da Bakı 2015 Avropa Oyunlarının həm açılış həm də bağlanış mərasimlərində iştirak edəcəyini bildirib. O, deyib ki, ailəliklə iştirak edəcəyi yarışlar üçün artıq ailə üzvlərinin sayına uyğun olaraq 4 bilet alıb. Avropa Oyunları çərçivəsində bütün oyunlara maraq göstərdiyini deyən rektor daha çox su idman növləri, gimnastika, yüngül atletika güləş, milli idman növü olan güləşə daha çox maraq göstərəcəyini bildirib: "Oyunlarını hər birini imkan daxilində izləyəcəm. Sadəcə Avropa oyunlarının açılış və bağlanış mərasimləri daha kütləvi olduğundan biletləri əvvəldən əldə etmişəm. Avropa Oyunları çərçivəsində digər oyunları da ekspromt şəkildə bilet əldə edib stadiondan canlı izləməyə bilərəm. Bütün hallarda Avropa Oyunlarının bütün yarışlarını izləyəcəm. Avropa Oyunları zamanı Azərbaycan komandasına da uğurlar arzulayıram. İnanıram ki, komandamız öz uğurları ilə Azərbaycanın idman ölkəsi olduğunu sübut edəcək".




09/06/15    Çap et