Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Geyts bərpa olunan energetika sahəsinə daha çox sərmayə yatıracaq


“Microsoft” korporasiyasının təsisçisi və dünyanın ən varlı adamı Bill Geyts yaxın beş ildə energetikada innovativ “yaşıl” texnologiyalarla əlaqədar layihələrə şəxsi investisiyaları iki dəfə - 2 milyard dollaradək artırmağı planlaşdırır. Bu barədə korporasiya təsisçisi “Financial Times” nəşrinə müsahibədə bildirib.
 
Onun sözlərinə görə, o, artıq bərpa olunan energetika sahəsində onlarla startapa, o cümlədən enerjinin saxlanılması üçün akkumulyatorlara, yeni nəsil nüvə enerjisinə və s. 1 milyard dollara yaxın vəsait yatırıb.  
 
B.Geyts daha 15 şirkətə birbaşa, “Khosla Ventures” və “Kleiner Perkins” vençur kapital fondları vasitəsilə isə 30 layihəyə investisiya yatırmağı nəzərdə tutur.  
 
“Müsbət nəticəyə nail olmaq üçün yeganə üsul güclü innovasiyalardır. İnnovasiyalar həqiqətən həyat tərzini dəyişir”, - milyarder deyib.
 
O, dünya dövlətlərini “yaşıl” energetikanın subsidiyalaşdırılmasından qismən imtina etməyə və boşalan resursların bir hissəsini fundamental tədqiqatların maliyyələşdirilməsinə keçirməyə çağırıb.
 
Dünyanın ən varlı adamının məlumatına görə, hazırda dünya bərpa olunan enerji mənbələrindən istifadəyə 100 milyard dollar məbləğində subsidiya ayırır, halbuki bu sahədə elmi-tədqiqat və təcrübi-konstruktor işləmələrinə ildə 6 milyard dollar xərclənir.
 
“Forbes” jurnalının məlumatına görə, 59 yaşlı B.Geyts 2014-cü ilin martında dünyanın ən varlı adamı adını özünə qaytarıb. İyunun 26-na olan vəziyyətə görə, onun var-dövlətinin dəyəri 79,4 milyard dollar qiymətləndirilir, - "IT Expert”  yazır.




29/06/15    Çap et