Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da üç estoniyalı kibercinayətkar həbs edilib


ABŞ məhkəməsi üç Estoniya əsilli şəxsin kibercinayətkarlığa görə müxtəlif müddətə həbs edilməsi barədə qərar çıxarıb.
 
Belə ki, 35 yaşlı Timur Gerasimenko Manhetten Məhkəməsi tərəfindən dörd il, 37 yaşlı Dmitri Yeqorov üç il səkkiz ay, 31 yaşlı Konstantin Poltev üç il dörd ay müddətinə azadlıqdan məhrum edilib.
 
Bundan başqa, məhkəmə T.Gerasimenkonun 2,5 milyon dollar, qalan iki şəxsin hər birinin 1 milyon dollar cərimə olunması barədə qərar çıxarıb.
 
Qeyd olunan şəxslər 100-dən çox ölkədə 4 milyon kompüteri virusa yoluxduraraq 14 milyon dollara yaxın vəsaiti mənimsəməkdə təqsirli biliniblər. İttihama görə, T.Gerasimenko proqramçılar tapmaqla məşğul olub, D.Yeqorov aparıcı şəbəkə inzibatçısı, K.Poltev müəssisəsinin rəhbəri vəzifəsini yerinə yetirib.
 
Hər üç şəxs qərar çıxarılmamışdan əvvəl törətdiyi cinayətə görə üzr istəyib.
 
Hakimin sözlərinə görə, məhkəmə məhkum edilmiş şəxslərin ABŞ-a ekstradisiya olunmamışdan əvvəl bir neçə müddət Estoniya həbsxanalarında olması faktını nəzərə alıb.
 
Qeyd olunur ki, onlar bu iş üzrə təqsirini etiraf edən beş şəxsin sırasına daxildir. Dördüncü şəxs artıq dördillik həbs cəzasına məhkum edilib, beşincisi barədə oktyabrda qərarın çıxarılması gözlənilir, - "Lenta” yazır.




24/07/15    Çap et