Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Elektron xidmətlərin tətbiqi vergi daxil olmalarını ilbəil artırır”


“Azərbaycanda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi öz bəhrəsini verib”.
 
Bu sözləri vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov söyləyib. Qeyd edək ki, Vergilər Nazirliyində Azərbaycan  Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cü ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilib.
 
Kollegiya iclasında çıxış edən vergilər naziri nazirlik tərəfindən “Elektron hökumət”  istiqamətində görülən işlərdən və əldə edilən nəticələrdən danışıb.
 
 
O, bildirib ki, ölkədə elektron xidmətlərin ceşidinin artırılması və genişsəpkili tətbiqi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq vergi daxilolmalarını ilbəil artıb. O, vergilərin strukturunda müsbət dəyişikliklərin baş verdiyini, büdcə daxilolmaları üzrə proqnozların uğurla yerinə yetirildiyini diqqətə çatdırıb.
 
 
 Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında Prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
 
 Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.
 
Qeyd olunub ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir.
 
F.Məmmədov bildirib ki, vergi xidməti orqanı əməkdaşları öhdəsinə düşən vəzifələrin icrası zamanı daha məsuliyyətli olmalı, dövlətimizin vergi siyasətini uğurla həyata keçirməlidirlər.
 
 
Seymur Qasımbəyli




28/07/15    Çap et