Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlərin əhatə dairəsi genişləndiriləcək


Azərbaycanda vergi ödəyiciləri tərəfindən verilən bəyannamələrin böyük əksəriyyəti elektron formada təqdim olunur. E-bəyannamələrin xüsusi çəkisi 90 faizi keçib.
 
"ICTnews.az"ın məlumatına görə, bu barədə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov məlumat verib. O bildirib ki,əldə olunan nəticə "Elektron hökumət" istiqamətində həyata keçirilən addımların, vergi sistemində tətbiq olunan informasiya texnologiyalarının yaratdığı imkanların hesabınadır.
 
O bildirib ki, müasir dövrdə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, ilk növbədə, sosial tərəfdaşların dəstəyi ilə könüllü əməletməni təmin etməkdən və İKT-nin geniş tətbiqindən keçir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ancaq vadaretmə deyil, vadaretmənin, xidmətin, könüllü səylərin, kommunikasiyanın və maarifləndirmənin məcmusundan ibarətdir.
 
 Ə.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi könüllü əməletmə sisteminin bütün vergi ödəyicilərini əhatə etməsinə nail olmağı hədəfləyir. Könüllü əməletmə - vergi ödəyicilərinin vergi qanunlarına riayət etmələrini, gəlir məbləğlərini və vergi öhdəliklərini ədalətli və dürüst bəyan etmələrini, gəlirləri barədə bəyannamələri vaxtında, sərbəst və könüllü şəkildə təqdim etməyə şərait yaradan, başqa sözlə, vergilərin vaxtında ödənilməsini aşılayan bir sistemdir.
 
Bu məqsədlə Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən xidmətlərin, xüsusən elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi nəzərdə tutur.
 
 
SEYMUR




29/07/15    Çap et