Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib


Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan xoş münasibətlərin formalaşdığını deyən nazir Əli Abbasov Azərbaycan-Pakistan münasibətlərinin inkişafında İKT və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələrdən söz açıb.
 
Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, kosmik və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirlməsinə maraq göstərildiyini nəzərə çatdırıb. Azərbaycanın iki kosmik peykə malik olduğunu və Pakistan ərazisinin peyklərin əhatə dairəsində olduğunu vurğulayan nazir Azərbaycanın bu sahədə Pakistana  dəstək ola biləcəyini qeyd edib. 
 
 
Məhəmməd İrfan Börni də Azərbaycan ilə Pakistan arasında tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, dostluq zəmində davam edən bu münasibətlərin daim qorunub saxlanmasına hər iki ölkənin böyük önəm verdiyini ifadə edib. NESCOM sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətində baş tutan görüşdən və təsisatla tanışlıqdan da söz açaraq,  Azərbaycanda  nüvə texnologiyalarının inkişafında kadr hazırlığına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini bildirib.
 
Əlaqələrin daha da dərinləşməsində maraq göstərilən sahələri dəstəklədiklərini qeyd edən pakistanlı qonaq insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasını da vacib sayıb. Tərəflər hər iki ölkənin güclü informasiya texnologiyaları potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə regional layihələrdə birgə iştirakın vacibliyini xüsusi qeyd ediblər. 
 
 
Daha sonra Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə yeni sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
 




25/08/15    Çap et