Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google»un əməkdaşı «Kasperski» antivirusunda təhlükəli boşluq aşkar edib


«Google»un informasiya təhlükəsizliyi üzrə mühəndisi Tevis Ormandi «Twitter» mikrobloqlar xidmətində öz səhifəsində yazıb ki, "Kasperski" antivirusunda kibercinayətkarlara istifadəçilərin kompüterləri üzərində nəzarəti ələ keçirməyə imkan verən kritik boşluq aşkar edib.
 
 
«ICTnews.az» saytı «vc.ru» resursuna istinadən yazır ki, Ormandinin aşkar etdiyi boşluq uzaq məsafədən faylın yoxlanması zamanı buferin limitinin aşmasına səbəb ola bilərdi ki, nəticədə kibercinayətkar istifadəçinin qurğusunda istənilən kodu icra edə və kompüter üzərində nəzarəti ələ keçirə bilərdi.
 
Tədqiqatçının məlumatına görə, bu boşluq "Kasperski" antivirusunun standart sazlamalarla işləyən 2015 və 2016 versiyalarında qeydə alınıb.
 
 
Ormandi boşluq haqda məlumat dərc etməyərək "Kasperski Laboratoriyası"na hesabat göndərib. 1 gün sonra şirkət təcili düzəliş çıxarıb.
 
 
"Biz buferin limit həddinin dolması ilə bağlı boşluq haqda məlumat verdiyinə görə Tevis Ormandiyə minnətdarıq. Müvafiq düzəliş 24 saat ərzində buraxılıb və avtomatik yeniləmə vasitəsi ilə istifadəçilərin kompüterlərinə quraşdırılıb" - şirkətdən bildirilib.
 
 
 
Emil Hüseynov
 
 




10/09/15    Çap et