Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatikanın tədrisi üzrə yeni resurs fəaliyyətə başlayıb


www.informatik.az  saytı Azərbaycan dilində elektron resursların və proqram təminatının azlığı ilə bağlı problemi müəyyən qədər aradan qaldırmaq və bu sahədə müəllimlərə, şagirdlərə, eyni zamanda İnternet istifadəçilərinə kömək etmək məqsədilə yaradılıb.

Saytda “Yeni texnologiyalar”, “Didaktik materiallar”, “Rəsmi sənədlər”, “Siniflər üzrə proqramlar”, “Açıq dərslər”, “Proqramlaşdırma”, “İnformatika dərslikləri” və s. kimi bölmələr fəaliyyət göstərir.

“Videodərslər” bölməsində müxtəlif proqramlara və informatika dərslərinə dair izahlı video materiallar yerləşdirilib. Məktəblilər informatika dərslərinə aid tədris vəsaitləri və materiallarla “Elektron kitablar” bölməsində tanış ola bilərlər.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) tarixi və bu sahədə çalışan mütəxəssislərə dair məlumatlar isə “Azərbaycanda informatikanın inkişafı” adlı bölmədə yerləşdirilib.

Saytda metodik işləmələr, informatika müəllimlərini narahat edən məsələlər haqqında tövsiyyələr, İnternetdə sərbəst istifadə olunan, tədris üçün faydalı olan resurslar yerləşdirilib.

Sayt İKT sektorunda baş verən yeniliklərə dair xəbərləri yayımlamaqla yanaşı, bu sahə ilə bağlı müxtəlif faydalı linkləri də istifadəçilərin nəzərinə çatdırır.




15/09/11    Çap et