Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ümumtəhsil müəssisələrinin VIII sinfində daha geniş imkanlara malik proqramlaşdırma dilində iş bacarıqları formalaşdırılacaq”


Əvvəlki illərdə şagirdlərdən sadə proqramlaşdırma mühitində proqram tərtib edə bilmələri tələb olunurdusa, VIII  sinifdə daha geniş imkanlara malik proqramlaşdırma dilində iş bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.
 
 
 Bu baxımdan 8-ci sinifdən başlayaraq şagirdlər proqramlaşdırma üzrə bilik və bacarıqlarını daha geniş imkanları olan, peşəkar proqramlar yaratmağa imkan verən, eyni zamanda yetərincə sadə olan “Python” dili (əsasən “payton”, bəzən isə “piton” kimi tələffüz olunur) əsasında təkmilləşdirəcəklər.
 
 
Bu barədə  “http://www.informatik.az/” saytının rəhbəri, İnformatika müəllimi, ümumtəhsil müəssisələrində “İnformatika” dərsliklərinin həmmüəllifi Naidə İsayeva məlumat verib. Əməkdar müəllim qeyd edib ki, Hollandiyanın məşhur “Tiobe” şirkəti hər ay proqramlaşdırma dillərinin reytinqini dərc edir. Son dövrlər (1 sentyabr 2015-ci ilin statistikası) “Python” dili 150 dil arasında 6-ci yerdə möhkəmlənib:
 
“Yeri gəlmişkən, indiyədək şagird və tələbələrə proqramlaşdırmanın əsaslarının öyrədilməsində geniş istifadə olunan “Pascal” dili bu siyahıda 20-ci yerdədir. Bir çox ölkələrdə “Python” dilindən onun üstünlüklərinə görə geniş istifadə olunur. Bunun səbəbləri çoxdur. Bu dildə verilənlərin tipi azdır. Məsələn, “int” tipi ixtiyari uzunluqlu tam ədədlərlə, “decimal” tipi isə ixtiyari dəqiqlikli həqiqi ədədlərlə işləməyə imkan verir.” N.İsayeva bu dilin başqa üstünlüklərini də izah edib: “O, sərbəst, yəni ödənişsiz yayılır. Nisbətən “cavan” olsa da, istər yeni öyrənənlər, istərsə də peşəkar proqramçılar arasında çox populyardır. Sadə sintaksisə malik olduğundan öyrənilməsi asandır. Bir sıra Avropa ölkəsində azyaşlı uşaqlara proqramlaşdırmanı öyrətmək üçün bu dildən istifadə olunur. Bu dildə yazılmış kodu “Windows”, “Mac OS X”, “Linux” kimi müxtəlif əməliyyat sistemlərində icra etmək olur.”
 
 
Qeyd edək ki, İnformatika müəllimləri “Python 3.4” versiyasını “informatik.az” saytından, yaxud proqramın rəsmi veb-səhifəsindən yükləyə bilərlər.
 
 
 
 
Həqiqət İSABALAYEVA




07/10/15    Çap et