Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ETM Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.
 
 ETM-in xəbərdarlığında qeyd edilir ki, "Google Chrome" veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.
 
Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin "eFast Browser" adlandırılan bu saxta veb brauzerlə "Google Chrome" brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.
 
ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, "eFast Browser" ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.
 
 
"Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər.  Tövsiyə edirik ki, "Google Chrome" veb brauzerini rəsmi veb saytından endirin və onu kompüterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin" – deyə xəbərdarlıqda qeyd olunur.
 
 
SEYMUR




22/10/15    Çap et