Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

”Microsoft Azerbaijan” maliyyə sahəsinin İT mütəxəssisləri üçün seminar keçirib


"Microsoft Azerbaijan" və "GT Solutions" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda maliyyə təşkilatlarında çalışan informasiya texnologiyaları və təhlükəsizliyi üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş "Bulud texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi, rəqabət qabiliyyətli iş mühiti və mobil qurğuların təhlükəsiz idarə edilməsi" mövzusunda seminar keçirilib.
 
"ICTnews"  elektron xəbər xidmətinin məlumatına əsasən, müxtəlif qurumları təmsil edən 40 nəfər mütəxəssisin iştirak etdiyi seminar "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisindən xüsusi dəvət olunmuş "bulud" texnologiyalarına əsaslanan Məlumat Hesablama Mərkəzi üzrə ekspert Tarmo Tikerpaye , "Office 365" və "CRM Online" üzrə ekspert Robertas Tamosaitis,yeni nəsil informasiya təhlükəsizliyi həlli olan "Enterprise Mobility Suite" və "Advanced Threat Analytics" üzrə ekspert Tomas Kibirkstis (Tomas Kibirkstis) və "Microsoft Azerbaijan"ın əsas tərəfdaşlarından olan "GT Solutions" şirkətinin nümayəndələri müvafiq mövzularda təqdimatlarını əhatə edib.
 
Seminarın açılışında "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov tədbir iştirakçılarına dəvət olunmuş ekspertlərin təcrübələrindən faydalanmağı tövsiyə edib. Daha sonra "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa ofisinin Azərbaycan da daxil olmaqla 24 ölkəni əhatə edən Korporativ müştərilər və Tərəfdaşlar üçün "Microsoft" həlləri üzrə ekspertlər komandasının rəhbəri Vinsent Ceyms cari iqtisadi durumda dünyada hər bir şirkətin maliyyə məsrəflərini azaltmağa, rəqabətdə üstün olmağa çalışdığını və buna nail olmaq üçün müasir "bulud" həllərinə üstünlük verdiyini bildirib.
 
Tədbir iştirakçılarına yeni nəsil məlumat hesablama mərkəzi ("Datacenter") və "ağıllı" "bulud" həlləri barədə  danışan Tarmo Tikerpaye "Microsoft"un "bulud" həllərinin dünyada 700-ə yaxın maliyyə institutunda uğurla tətbiq olunduğunu və ümumilikdə istifadəçilərin sayının 3 milyon nəfərə çatdığını qeyd edib:
 
"Müştərilər "Microsoft"un "bulud" həllərini seçərkən həllərin səmərəliliyi, çevikliyi, dərhal istifadəyə hazır olması, sabitliyi, fasiləsizliyi, məsrəfləri azaltması və uyğunluq sertifikatları ilə təsdiqlənmiş informasiya təhlükəsizliyi kimi meyarlara əsaslanır".
 
Rəqabət qabiliyyətli iş mühiti və təkmilləşdirilmiş işgüzar proseslər haqqında təqdimat nümayiş etdirən ekspert Robertas Tamosaitis Avropada bank sektorunda ciddi rəqabət olduğunu, maliyyə institutlarının müştəri təəssüratını yaxşılaşdırmaq, daha çevik, müştəriyönümlü olmağa çalışdıqlarını bildirib. Məhz bu səbəbdən "Microsoft" Korporasiyasının "Office 365" həlli bank və maliyyə sahəsində uğur qazanmış, "Skype for Business" müəssisələrin internet portalları ilə inteqrasiya edilərək şirkətləri müştərilərinə daha yaxın, onlayn ünsiyyəti videogörüntü ilə canlı etmiş, "SharePoint Online" vasitəsilə iş axını avtomatlaşdırılaraq icra müddəti və gözləmə minimuma enmişdir. "Office 2016" tətbiqlər paketindəki yeniliklər haqqında məlumat verən ekspert eyni fayl üzərində birgə işləmək, dərhal ünsiyyət saxlamaq və s. kimi 70-ə yaxın yeni imkanların olduğunu vurğulayıb.
 
 
Müasir İnformasiya Təhlükəsizliyi riskləri, əməkdaşların mobil qurğuların idarə edilməsi haqqında çıxış edən ekspert Tomas Kibirkstis özündə verilənləri şifrləməyə, istifadəçilərin giriş-çıxış hüquqlarını tənzimləməyə, qurğuları və tətbiqləri idarə etməyə imkan verən vahid "Microsoft Enterprise Mobility Suite" həlli barəsində məlumat verib. Bu həllin tərkib hissəsi kimi süni intellektə əsaslanaraq informasiya təhlükəsizliyi haqqında məlumat almağa kömək edən yeni nəsil informasiya təhlükəsizliyi vasitəsi "Advanced Threat Analytics 2016" tədbir iştirakçılarının böyük marağına səbəb olub.
 
Qeyd edək ki, "Microsoft"un "bulud" həllərindən ("Office 365", "Azure", "InTune", "Enterprise Mobility Suite" və s.) hazırda Azərbaycanda fəaliyyət göstərən 275-dən çox müəssisə səmərəli, fasiləsiz və təhlükəsiz şəkildə istifadə edir.
 
Aynur Vəliyeva




28/10/15    Çap et