Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı Azərbaycanın beynəlxalq hesabatda irəliləməsinə səbəb olub


Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb.
 
Məhz bu proses Azərbaycanın beynəlxalq hesabatda irəliləməsinə səbəb olan əsas amillərdən birinə çevrilib.
 
 Belə ki, "Doing Business 2016" hesabatında "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd edilib.
 
 
Hesabatda ölkəmizin mövqeyinin yüksəlməsi Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olub.
İqtisadiyyat və Sənaye Nazirliyindən qeyd edilib ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub.
 
Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb.
 
 
Xatırladaq ki, Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi "Doing Business 2016" hesabatında mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib.
 
 
Həqiqət İSABALAYEVA




05/11/15    Çap et