Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC Coğrafiya İnstitutunda “Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” ilə bağlı seminar keçirib


AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 4 noyabr 2015-ci il tarixində keçirilən seminarda "Azərkosmos" ASC-nin əməkdaşı Ələskərov Elman "Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti" mövzusunda təqdimatla çıxış edib.
 
Təqdimat Yerin məsafədən müşahidəsinin fiziki əsasları, prinsipləri və tətbiq sahələrinə həsr olunub.
 
Təqdimat zamanı "Azərkosmos"un əməkdaşları tərəfindən yerinə yetirilmiş bir neçə layihənin, o cümlədən Hirkan Milli parkında bitki örtüyünün monitorinqi, Hacıqabul gölünün arealının mövsümü və illər üzrə dəyişmə dinamikası, Kür ovalığında səhralaşma dərəcəsinin qiymətləndirilməsi nəticələri seminar iştirakçılarına təqdim olunub. Bundan əlavə seminar zamanı peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları o, cümlədən ekoloji problemlərin həllində, təbii ehtiyatların istismarında, fövqəladə hallar zamanı istifadəsi müzakirə olunub. 
 
 
Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda iki təşkilat arasında gələcəkdə bu sahədə birgə əməkdaşlıq haqqında razılıq əldə olunub. 
 




05/11/15    Çap et