Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilin texnoloji trendləri bəlli olub


«Juniper Research» analitik şirkəti 2016-cı ilə dair texnologiyaların inkişaf  proqnozunu hazırlayıb.
 
Məlumat üçün bildirək ki, sözügedən şirkətin analitiklərinin 2015-ci il üçün proqnozları tamamilə düz çıxıb, buna görə «Juniper» şirkətinin proqnozunu tamamilə ciddi sənəd kimi qəbul etmək olar.
 
 
Birincisi, virtual reallıq texnologiyalar bazarında əsl yüksəliş gözlənilir: nəhayət, kütləviləşəcək xeyli qurğu modellərinin elanı və buraxılışı. Ehtimal ki, «Oculus», «HTC» və «Sony» şirkətləri öz məhsullarını təqdim edəcək. Sözügedən texnologiya oyun və video daxil olmaqla əyləncə sənayesini dəyişdirəcək, gələcəkdə sənaye və tibb sahəsində kütləvi tətbiq olunacaq.
 
 
İkinci trend məişət robot texnikasıdır. 2015-ci ilin iyununda Yaponiyada «Pepper» adlı belə robot yaradılıb. 1600 dollar məbləğində ilk 1000 robot 1 dəqiqə ərzində satılıb. «Blue Frog Robotics» şirkəti ailənin bütün üzvləri  danışan, sifəti və obyektləri tanıyan ilk sosial robot hazırlayır. 2016-cı ilin iyulunda satışa çıxarılacaq bu qurğunun dəyəri 649 dollar təşkil edəcək.
 
 
Üçüncü trend daşınan cihazların sənaye tətbiqidir. Kütləvi istehlakçı fitnes trekerdən başqa heç nə almağa hazır deyil, amma bir sıra sənaye sahələri və xüsusi xidmət orqanları «ağıllı» eynək, «ağıllı» saatlarla təchiz olunacaq. Artıq cari ildə logistika, hüquq-mühafizə orqanları və xidmətlər sahəsində bu qurğuların uğurlu tətbiqi qeydə alınıb. Bu tip qurğular məhsuldarlığı orta hesabla 30 faiz yüksəldir.
 
 
Dördüncü trend «5G» texnologiyasıdır. Beşinci nəsil şəbəkəsi üzrə standartlar hələ işlənməyib, ancaq «Ericsson», «Huawei», «KPN» operatoru və «TNO» elmi tədqiqat institutu cari ilin sonunda Niderlandda sınaq şəbəkəsini işə salmağı planlaşdırır. «Ericsson» və «Softbank» şirkətləri Tokioda, «KT» və «ZTE» Seulda sınaqlar keçirməyə hazırlaşır, ABŞ-ın «Verizon» operatoru 2017-ci ildə sözügedən texnologiyanın kommersiya istismarına başlamaq niyyətindədir.
 
 
Beşinci trend bir neçə qurğu üçün vahid platformadır. «Microsoft» şirkətinin «Windows 10» əməliyyat sistemi həm smartfon, həm də fərdi kompüterlərdə (FK) işləyir və «Xbox One» evdə oyunların «Windows» ilə işləyən bütün qurğulara yayımı üçün yeni əməliyyat sistemini dəstəkləyəcək. 2016-cı il platformaların inteqrasiyası ili olacaq: istifadəçi istənilən vaxt istənilən qurğuda istənilən yerdə proqrama girişə malik olmaq istəyəcək.
 
 
Altıncı trend bankların «Blockchain» texnologiyasından istifadəsidir. «Blockchain» ilk öncə bitkoinlərin mübadiləsi üçün yüksək təhlükəsizliyə malik texnologiya kimi yaradılmışdı. İndi «UBS» və «Deutsche Bank» bankları elektron qiymətli kağızların ticarətində sözügedən texnologiyadan istifadə etmək istəyir.
 
 
Yeddinci trend hibrid konsol və «bulud» oyunları dövrünün başlanğıcıdır. 2016-cı ildə universal «Nintendo NX» konsolunun elanı gözlənilir: həm evdə, həm də mobil şəraitdə oynamaq əlçatan olacaq. Mobil qurğunun dəyərini azaltmaq və onun avtonom vaxtını artırmaq üçün hesablamalar əsasən «bulud» üzərindən aparılacaq.
 
 
Səkkizinci trend kiberidmanın yeni inkişaf səviyyəsidir. Adi futbol və ya xokkey idman oyunlarında olduğu kimi, istehlakçılar kompüter oyunları üzrə yarışlardan reportajları izləyəcəklər.
 
 
Doqquzuncu trend təhlükəsizliyin təmini üzrə yeni modellərin işlənməsidir. Artıq bütün əşyalar internetə qoşulduğu bir dövrdə məlumatların şifrlənməsi və mühafizəsi böyük əhəmiyyət kəsb edir. Ancaq mürəkkəb proqramlaşdırma zərurəti ondan xəbər verir ki, ənənəvi mühafizə və şifrləmə vasitələrindən istifadə qeyri-mümkün olacaq. 2016-cı ildə şəbəkə aktivliyinin qeyri-adiliklər predmeti ilə bağlı təhlilinə əsaslanan həllərin işlənməsi trendə çevriləcək.
 
 
Nəhayət, onuncu trend startapların kraudfandinqidir (bir qayda olaraq, internet üzərindən öz vəsait və resurslarını könüllü şəkildə birləşdirərək hər hansı layihəni dəstəkləmək).
 
Emil Hüseynov




19/11/15    Çap et