Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq


Bakı Ali Neft Məktəbində (BANM) müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP və Azərbaycanın neft - qaz sahəsində aparıcı şirkət olan SOCAR-ın strukturunda yaranmış Bakı Ali Neft Məktəbi (BANM) arasında strateji əhəmiyyət daşıyan müqavilə imzalanıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauerin imzaladıqları müqaviləyə əsasən, BANM SAP Universitetlər Alyansının üzvü olur. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesində gənc mütəxəssislərinə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Belə ki, SAP-ın tətbiqi proqramları “Fortune-500” siyahısına daxil olan bütün neft və qaz şirkətlərində, eləcə də, Azərbaycanın ÜDM-nin 50% təşkil edən SOCAR-da istifadə olunur.

BANM-in professor-müəllim heyəti və tələbələri Ali Məktəbin tədris prosesi üçün nəzərdə tutulmuş SAP Tədris Mərkəzinin Akademik Nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanacaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənəcək və SAP texnologiyaları əsasında ən yeni layihələrini həyata keçirə biləcəklər. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar.

BANM sənayeni və müəssisələri yüksəkixtisaslı mütəxəssislərlə təmin edəcək, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksəkdərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili nəzərdə tutulur.

Aynur Vəliyeva





15/12/15    Çap et