Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandilli vikipediyada məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi kimi mənfi halların qarşısı alınacaq


Azərbaycandilli vikipediyada IP-redaktələrin patrullanması sisteminin tətbiqi planlaşdırılır.
 
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvü Tərxan Paşazadənin “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, vikipediyada bununla bağlı səsvermə keçirilir: “Səsvermə 31 dekabr saat 23:59:59-da başa çatacaq. Yekunda yalnız səsvermə hüququ olan istifadəçilərin səsləri nəzərə alınacaq”.
 
Onun sözlərinə görə,  sistem vikipediyanın mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək məqsədi ilə məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi kimi mənfi hallarla mübarizə üsullarının texniki cəhətdən təkmilləşdirilməsinə xidmət edir.
 
“Artıq kifayət qədər səs toplamış bu sistemin azərbaycandilli vikipediyada tətbiqi ilə IP-lərdən edilən dəyişikliklər idarəçilərin, yaxud patrul statusu olan adi istifadəçilərin təsdiqindən sonra səhifədə görünəcək. Bir redaktəni patrullamaq, yəni təsdiq etmək həmçinin başqalarının eyni redaktəni təkrar yoxlamamasına və vaxt itirməməsinə imkan verəcək”, – deyə T.Paşazadə qeyd edib.
 
CAHANGİR
 
 




30/12/15    Çap et