Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya-kommunikasiya texnologiyaları həftəsi çərçivəsində Azərbaycan alimlərinin məruzələri dinləniləcək


Daşkənddə (Özbəkistan) INFOCOM 2011 – informasiya-kommunikasiya texnologiyaları (İKT) həftəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək.

İKT sahəsinin inkişafına istiqamətlənmiş, həm mütəxəssislər, həm də informasiya texnologiyaları istifadəçiləri üçün böyük əhəmiyyət kəsb edən tədbir Özbəkistanda 2004-cü ildən etibarən keçirilir.

İKT həftəsi sentyabrın 26-da ITPA-2011 Beynəlxalq Özbəkistan-Koreya konfransının açılışı ilə başlayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, konfransda institutun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əlövsət Əliyev və şöbə müdiri Gülnarə Nəbibəyova iştirak edəcəklər.

Ə.Əliyev “İnformasiya iqtisadiyyatının formalaşması şəraitində elektron kommersiya sistemlərinin tətbiqinin inkişaf perspektivləri”, G.Nəbibəyova isə “Verilənlər anbarı arxitekturunun qurulmasına bir yanaşma haqqında” mövzularında çıxış edəcəklər. Tədbir Daşkənd İnformasiya Texnologiyaları Universitetində keçiriləcək.

Sentyabrın 27-də isə Beynəlxalq Biznes Mərkəzində “2011 - informasiya-kommunikasiya texnologiyaları” sammiti keçiriləcək.

Tədbirdə milli inkişaf proqramlarının həyata keçirilməsi sahəsində əldə edilən uğurlar və bu sahədə mövcud problemlər, müxtəlif fəaliyyət sahələrində İKT-nin tətbiqi təcrübəsi, elektron idarəetmə, elektron səhiyyə, bu sahədə kadr hazırlığı, infrastrukturun, media biznesin inkişafı, innovasiya fəaliyyəti və digər aktual mövzulara həsr olunmuş məruzələr dinləniləcək.

Sentyabrın 28-də Daşkənd, Buxara və Fərqanə şəhərlərində ICTExpo 2011 Milli informasiya texnologiyaları sərgisi keçiriləcəkdir. INFOCOM 2011 öz işini sentyabrın 30-da başa vuracaq.




22/09/11    Çap et